“Turan Tovuz”un müdafiəçisi: “Onların yerini doldurmaq həmişə çətin olur” - MÜSAHİBƏ

Müsahibə
24 İyul 2025 10:43
56
“Turan Tovuz”un müdafiəçisi: “Onların yerini doldurmaq həmişə çətin olur” - MÜSAHİBƏ

“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyevin Futbolinfo.az-a müsahibəsi

– Yeni mövsümə hazırlıq prosesi necə keçir? Artıq bir yoxlama oyunu keçirmisiniz. “Çorum”la görüş (1:1) və yay hazırlığı barədə fikirləriniz necədir?

– Hər şey plana uyğun gedir. Türkiyə toplanışının ilk mərhələsini bitirdik. İkinci mərhələ isə 24 iyul – 6 avqust tarixlərini əhatə edəcək. Komandadaxili ab-hava yaxşıdır, hər şey qaydasındadır. “Çorum”la matç ilk yoxlama görüşümüz idi, oyun yaxşı keçdi. Çempionatın startına qədər digər yoxlama matçlarımızı da keçirərək tam formaya qayıdacağımıza ümid edirik.

– Komanda indiki məqamda yeni mövsümə neçə faiz hazırdır və çempionatın startına kimi tam hazır ola biləcəksiniz?

– İndiki məqamda neçə faiz hazır olduğumuzu demək çətindir. Tam güclə çalışırıq. Əlimizdən gələni edirik ki, çempionata qədər maksimum hazır vəziyyətə gələk.

– Komandadan ayrılan və yeni gələn futbolçular var. Heyətdəki dəyişikliklər “Turan Tovuz”a necə təsir edəcək? Yeni transferlərin səviyyəsi ürəyinizcədir?

– Əlbəttə ki, gedənlərin yerini doldurmaq həmişə çətin olur. Yeni gələn oyunçuların komandaya uyğunlaşmaq prosesi var. Biz də əlimizdən gələni edirik ki, yeni transferlər adaptasiya dövrünü tez keçsinlər. Bəli, gələn hər bir futbolçu səviyyəlidir. İnşallah, komandaya çox köməkləri dəyəcək.

– Ötən mövsümün yekununda avrokuboklara vəsiqə qazanan komandaların sırasında ola bilmədiniz. Yeni sezondan gözləntiniz nədir?

– Keçən mövsüm buna çox yaxınlaşdıq, amma olmadı. Xeyirlisi… Yeni mövsümdə daha yaxşı nəticəyə imza atmağa çalışacağıq.

– Avrokubokda iştirak edən komandalarımız, həmçinin “Neftçi” və digərləri heyətlərinə çoxlu sayda yeni futbolçu cəlb ediblər, hazırda güclənməklə məşğuldurlar. Bu, yeni mövsümün daha çətin keçəcəyini deməyə əsas verirmi? Yenidən avrokuboklardan kənarda qalmaq təhlükəsi sizi qorxutmur?

– Düzdür, bütün komandalar yeni oyunçularla güclənirlər. Premyer Liqaya vəsiqə qazanan klubların da rəng qatacağını nəzərə alsaq, bizi daha maraqlı və gərgin çempionat gözləyir. Bunun fərqindəyik və rəqabətə hazırıq.

– Fərdi olaraq yeni mövsüm üçün qarşınıza hansı məqsəd qoymusunuz? Millinin heyətinə müntəzəm dəvət alan futbolçulardan birinə çevrilə biləcəksiniz?

– Hər zaman olduğu kimi, hamıya daha yaxşı Faiq göstərmək istəyirəm. Bunun üçün çalışıram. Hər bir futbolçu kimi, mən də daim yığmaya dəvət almaq, milli formanı geyinmək arzusundayam.

İdman.biz