“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan”la səfərdə 2:2 hesablı heç-heçəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının uğursuz başlanğıca baxmayaraq, iki topluq gerilikdən qurtulmasını futbolçularının xarakter göstərməsi ilə əlaqələndirib.
“Oyun bizim üçün olduqca pis başladı. İlk 15-20 dəqiqədə çoxsaylı top itkilərinə yol verdik. Müdafiədən çıxarkən itirdiyimiz topdan sonra rəqib hücum qurub fərqləndi. Bundan sonra üstünlüyü ələ aldıq, fasiləyə qədər çoxlu hücumlar təşkil etdik, amma qol vura bilmədik. İkinci hissəyə də fəal başlasaq da, ikinci qolu buraxdıq. Nəticəni dəyişmək daha da çətinləşdi. Buna baxmayaraq, üç gün əvvəl 120 dəqiqə oynamış futbolçularımız böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Qələbə qazanmaq istəyirdik, amma rəqibi də nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var və son turlarda inamlı çıxış edirdilər. Bu gedişatda bir xal da bizim üçün çox önəmlidir”, - deyə Sadıqov bildirib.
Baş məşqçi komandasının yaratdığı üstünlüyü hər zaman nəticəyə çevirə bilməməsinə də toxunub:
“Futbolda belə hallar olur. “Sumqayıt”la oyunda da yaxşı reaksiya vermişdik. Çempionatdakı rəqiblərin heyətləri güclüdür. Hər birində nəticəni istənilən an dəyişə bilən təcrübəli futbolçular var. Daha çox çalışıb üstünlüyümüzü nəticəyə çevirməliyik”.
Sadıqov Mehdi Mişahşanın meydana daxil olduqdan sonra ilk toxunuşda qol vurmasını da şərh edib. Onun sözlərinə görə, futbolçunun oyuna buraxılması ilə bağlı iki taktiki plan olub:
“Mehdi standart vəziyyətlərdə yaxşı oynayır. Digər variant onu mərkəz müdafiəçisi mövqeyinə yerləşdirib Ruan Renatonu hücuma göndərmək idi. Cinahlardan daha çox hücum etməyi düşünürdük. Qol vurulduğuna görə Ruan öz mövqeyində qaldı. Hesab 2:2 olduqdan sonra da hücumlarımız davam etdi, amma bir epizodda dəqiqlik çatmadı”.
Mütəxəssis sıx oyun qrafikinin heyət seçiminə təsir etdiyini vurğulayıb. O, Amin Seydiyevin fiziki vəziyyətinə ayrıca toxunub:
“Amin də “Səbail”lə oyunda 120 dəqiqə meydanda olmuşdu və çox yorğun idi. İmkan olsaydı, əsas heyətdə başlamazdı. Amma məcburiyyətdən onu meydana buraxdıq. İlk dəqiqələrdən passiv olduğu görünürdü. Sonra cinahını dəyişdik və solda daha fəal oynamağa başladı. Standart vəziyyətlərdən sonra bir neçə qol imkanı da yarandı. Ümumilikdə yorğunluğu meydanda hiss olunurdu”.
Rəşad Sadıqov Azərbaycan Kubokunda “Səbail”lə keçirilən və əlavə vaxta gedən qarşılaşmadakı hakim qərarından da narazılığını ifadə edib:
“Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik. “Səbail”lə matçda rəqibin futbolçusu 80-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə belə halla qarşılaşırdıq. Həmin vəziyyət də bizim başımıza gəldi. Nəticədə oyun əlavə vaxta getdi. Üç-dörd futbolçumuz 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi davam etdirməliyik”.
