Moldovanın “Petrokub” klubunun sabiq baş məşqçisi Aleksey Savinovun Futbolinfo.az-a müsahibəsi
– Ötən aydan Bolqarıstanın II Liqa klubu “Fratriya”nın “sükanı arxasındasınız”. Təyinatınız necə baş tutdu? Qarşınıza hansı hədəf qoyulub?
– Bəli, təyinatım iyun ayında baş tutdu. Yeni mövsüm üçün qarşıya qoyulan məqsədlər ən yüksək səviyyədədir – əsas hədəf yüksək liqaya vəsiqə əldə etməkdir.
– Məşqçi kimi nəvaxtsa Azərbaycandan təklif almısınız? Ölkəmizdən dəvət olarsa, təklifi qəbul edərsiniz?
– Azərbaycandan hələlik heç bir təklif olmayıb. Lakin məni ölkənizlə çox şey bağlayır. Azərbaycanda futbolçu kimi möhtəşəm 5 il keçirmişəm. Bu, mənim futbol karyeramda çox gözəl bir səhifə olub. Ola bilər ki, gələcəkdə məşqçi kimi də Azərbaycanda eyni uğurları qazanmaq mümkün olsun. Amma hazırda bütün fikrim və diqqətim “Fratriya” klubuna yönəlib. Komandanın qarşısında böyük hədəflər var və mən inanıram ki, rəhbərliyin bu mövsüm üçün qoyduğu məqsədə nail ola biləcəyik.
– Əvvəllər baş məşqçisi olduğunuz “Petrokub” Konfrans Liqasında “Sabah”la qarşılaşacaq. Sizcə, favorit kimdir?
– Məncə, “Petrokub” – “Sabah” cütlüyündə favorit yoxdur. Şanslar 50/50-yədir.
– Hazırkı “Petrokub”un əsas güclü cəhətləri hansılardır?
– “Petrokub”un hər zaman əsas güclü cəhəti komanda oyunu olub. Bu, çox təşkilatlanmış və motivasiyalı bir komandadır. Həmçinin klubda nəticə qazanmağı bacaran güclü məşqçilər heyəti var.
– “Sabah”ın futbolçuları “Petrokub”un heyətində ən çox kimlərə diqqət etməlidirlər? Moldova klubunun ən təhlükəli oyunçuları kimlərdir?
– “Petrokub” gəncliklə təcrübənin birləşməsidir. Hər mövqedə təcrübəli oyunçular və istedadlı gənclər var. Amma təbii ki, komandanın lideri və ürəyi uzun illərdir “Petrokub”un formasını geyinən, kapitan Vladimir Ambrosdur.
– “Sabah” Moldovakı matçda yerli azarkeşlərin güclü təzyiqi ilə üzləşə bilərmi?
– Əminəm ki, Kişinyovda azarkeşlər stadionu dolduracaq və əsl “12-ci oyunçu” olacaqlar.
İdman.biz