“Sabah”ın legioneri: “Dambrauskas komandaya yeni enerji gətirib” - MÜSAHİBƏ

Müsahibə
21 İyul 2025 13:10
55
“Sabah”ın legioneri: “Dambrauskas komandaya yeni enerji gətirib” - MÜSAHİBƏ

“Sabah”ın serbiyalı müdafiəçisi Boyan Letiçin Futbolinfo.az saytına müsahibəsi

– Avropa Liqasında “Selye” ilə keçirdiyiniz hər iki oyun (2:3, 3:3) haqda fikirlərinizi bildirərdiniz. “Sabah”ın növbəti mərhələyə adlamasına nə mane oldu?

– “Çelye”nin ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləməsinə təəccüblənmirəm, çox yaxşı komandadır. Sistemi olan bir kollektivdir, hər futbolçunun meydanda nə etməli olduğunu bilirsən və bu sistem onlarda yaxşı işləyir. Baş məşqçi komandaya 2-3 ildir rəhbərlik edir. Bunu ona görə dəqiq deyirəm ki, Kvesiç və Nieto ilə danışmışam – biri ilə millidə, digəri ilə isə İspaniyada bir komandada oynamışam. Hər oyundan sonra – istər qələbə olsun, istərsə də olmasın – 24 saatlıq bir dövr var: sevinc-xoşbəxtlik, eyforiya və ya kədər-depressiya, əsəb. Amma 24 saat keçdikdən sonra bütün bunları arxada qoyuruq, düşünürük və yolumuza davam edirik. Çünki biz peşəkarıq. Unutmayın, insanları son oyunlarına görə xatırlayırlar, yaxşı olan hər şey çox tez unudulur.

– Hər iki oyunun start heyətində sizi görmədik. Bunun səbəbini necə izah edərdiniz?

– Əsas heyətdə kimlərin yer almalı olduğuna baş məşqçi qərar verir. Hər birimiz istəyirdik ki, “Selye” səddini aşaq. Bəlkə də ilk oyunun son dəqiqəsində buraxdığımız qol həlledici oldu, amma bunu demək çətindir. Necə varsa, elə də demək lazımdır: rəqib daha yaxşıdırsa, əlini sıxıb təbrik etmək gərəkir. İndi başımızı dik tutmalıyıq. Qarşıda növbəti oyunumuz var. Əlimizdən gələn qədər hazırlaşmalı və Konfrans Liqasında irəliləmək üçün hər şeyi etməliyik.

– Konfrans Liqasında “Petrokub”la üz-üzə gələcəksiniz. Şansları necə dəyərləndirirsiniz? Bu cütlükdə “Sabah”ı favorit saya bilərik?

– Dəqiq nəsə demək çətindir, çünki “Petrokub”u yetərincə yaxşı tanımırıq. Bildiyimə görə, onlar ötən il Konfrans Liqasının əsas mərhələsində oynayıblar və sözsüz ki, yaxşı komandadırlar. Mən həmişə şansları 50/50 hesab edirəm. Özümüzə inanmalıyıq – keyfiyyətli komandamız var və rəqibin kim olduğuna yox, öz bildiyimizi etməyə fokuslanmalıyıq. Mən müsbət nəticə əldə edəcəyimizə inanıram.

– Yeni baş məşqçi Valdas Dambrauskas haqda ilkin təəssüratınız necədir? Sizcə, onun “Sabah”dakı fəaliyyəti uğurlu alınacaq?

– Yeni baş məşqçimiz bu bir ay ərzində komandaya yeni enerji gətirib. Futbola yanaşma tərzi, ideyası, baxışı və istiqaməti xoşuma gəlir. Təbii ki, hələ hər şeyi tam mənimsəmək üçün vaxta ehtiyacımız var. Amma inanıram ki, onunla birlikdə uğurlu olacağıq.

– Bəs yeni transferlər haqda fikirləriniz necədir? Onlar komandanıza əlavə güc qata biliblər?

– Transferləri bəyənirəm. Düşünürəm ki, onlar bizə çox faydalı olacaqlar. Əsas səbəb isə budur ki, komandaya bizdə çatışmayan yeni bir enerji gətirdilər.

İdman.biz