“Araz-Naxçıvan”ın braziliyalı hücumçusu: “Aris”lə oyunlar final xarakteri daşıyır - MÜSAHİBƏ

Müsahibə
15 İyul 2025 18:00
42
“Araz-Naxçıvan”ın braziliyalı hücumçusu: “Aris”lə oyunlar final xarakteri daşıyır - MÜSAHİBƏ

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” klubunun futbolçusu Ramon Maçadonun AZƏRTAC-a müsahibəsi

- Türkiyədə hazırlıqlarınız necə gedir?

- Hazırlıqlarımız plana uyğun davam edir. Yoldaşlıq oyunları keçirir, gündə iki dəfə məşq edirik. Burada hava çox istidir, amma düzgün qidalanma və maye qəbulu ilə bu çətinliyi kompensasiya edirik. İnanıram ki, doğru yoldayıq.

- UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Aris”lə qarşılaşacaqsınız. “Araz-Naxçıvan” bu komanda ilə avrokuboklarda debüt matçını keçirəcək. Rəqib qarşısında şanslarınızı necə dəyərləndirirsiniz?

- Qarşıda bizi çox çətin oyun gözləyir. Ancaq Premyer Liqada avrokuboklara vəsiqə qazanmaq üçün çəkdiyimiz əziyyəti heç vaxt unutmuruq. Bu gün Avropada oynaya bilmək üçün bir il ərzində çox iş gördük. Buraya qədər gəlmək asan olmadı. Dərk edirik ki, bundan sonrası daha çətin olacaq. Həm evdə, həm də səfərdə keçirəcəyimiz qarşılaşmalarda əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə adlayaq.

- Rəqibi analiz etmisiniz?

- Xeyr, hələ analiz etməmişik. Hazırda diqqətimiz yalnız öz komandamızın üzərindədir. Fiziki və psixoloji baxımdan daha da güclənməyə çalışırıq. Rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız və mərhələ keçmək şansımız da var.

- Azərbaycan və Yunanıstan klubları arasında oyunlar çox zaman gərgin şəraitdə keçir. Görüşlərdə yaranacaq bu gərginliyi necə nəzarətdə saxlamağı planlaşdırırsınız?

- Bu mərhələ final xarakteri daşıyır – qalib gələn davam edəcək, məğlub olan isə mübarizəni dayandıracaq. Bu da əlavə gərginlik yaradır. Ancaq nə ilə üzləşəcəyimizi bilirik və buna hazır olmalıyıq. Hamımız yaxşı bilirik ki, asan olmayacaq.

- Bəs, Azərbaycan Premyer Liqasındakı məqsədləriniz nələrdir?

- Ümumi hədəfimiz turnir cədvəlində yenidən üst sıralarda yer almaq və yenidən avrokuboklara vəsiqə qazanmaqdır.

İdman.biz