Vüsal Məsimov “Karvan”la anlaşıb: “Şamaxı”da az şans qazanırdım” - MÜSAHİBƏ

Müsahibə
5 İyul 2025 15:36
37
Vüsal Məsimov “Karvan”la anlaşıb: “Şamaxı”da az şans qazanırdım” - MÜSAHİBƏ

“Şamaxı”dan ayrılan müdafiəçi Vüsal Məsimovun futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı” ilə yolları ayrılan futbolçulardan biri də siz oldunuz. Buna nə səbəb oldu?

– Bəli, “Şamaxı” ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdik. Orada az şans qazanırdım. Buna görə də komandadan getməyin daha məqsədəuyğun olduğunu düşündüm.

– Hansı klubla danışıq aparırsınız? Yeni komandanızın adına nə vaxt aydınlıq gələ bilər?

– Artıq “Karvan”la aramızda razılıq əldə olunub. 1-2 günə hər şey dəqiqləşəcək və bu barədə mətbuata rəsmi şəkildə məlumat veriləcək. Açığı, legioner həyatı yaşamaq istəyərdim. Ancaq hələ ölkə xaricindən real təklif yoxdur. Buna görə də Azərbaycanda qalacağam.

– Ötən mövsümü “Şamaxı” və özünüz üçün ümumilikdə necə dəyərləndirirsiniz?

– Keçən sezonu yaxşı keçirdiyimi deyə bilmərəm. İnşallah, növbəti mövsüm mənim üçün daha yaxşı olar. Bunun üçün məşqlərdə var gücümlə çalışacağam, oyunlarda da əlimdən gələni edəcəyəm.

– Ötən mövsümü iki fərqli klubda – sezonun ilk yarısını “Səbail”də, ikinci hissəsini “Şamaxı”da keçirdiniz. Tez-tez komanda dəyişikliyi nə ilə əlaqədardır? Bir klubda uzun müddət qala bilməmək sizi narahat etmir?

– Tez-tez komanda dəyişmək mənim də xoşuma gəlmir. Sadəcə, bəzi məsələlərə görə bu addımları atdım. Haqqımızda xeyirlisi olsun. İnşallah, bundan sonra hər şey yaxşı olar.

– Sabiq komandanız “Səbail”in birinci liqaya düşməsi haqda nə deyə bilərsiniz? Sizcə, paytaxt klubu 1 ildən sonra Premyer Liqaya qayıda biləcək?

– Düşünürəm ki, “Səbail” gələn il Premyer Liqaya vəsiqə qazana bilər. Birinci liqada favoritlərdən biri olacaq. “Səbail” ilə bağlı xoş xatirələrim var. İnanıram ki, tezliklə bu klubu yenidən Premyer Liqada görəcəyik.

İdman.biz