Vanderson: “Başa düşürəm, “Neftçi” köklü klubdur, ancaq...”

Müsahibə
21 Noyabr 2023 12:05
Vanderson: “Başa düşürəm, “Neftçi” köklü klubdur, ancaq...”

“Son iki oyundakı uğursuzluğa son qoymaq istəyirik. Çempionatdakı fasilədən maksimum dərəcədə faydalanmağa çalışırıq”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”nın futbolçusu Vanderson deyib.

Azər Bağırovun komandası Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi” ilə matçda qələbə qazanmaq arzusundadır. Vanderson bildirib ki, “Sumqayıt” və “Kəpəz”lə görüşdəki məğlubiyyətlərin xüsusi qabardılmasını düzgün hesab etmir: “Futbolda qalib gəldiyin kimi, məğlub da olursan. Yaxşı oynayanda üstünlük səndə olur, pis oynayanda əksi baş verir. Razıyam, son iki matçda imkanımızdan zəif çıxış etdik. Futboldur, bu da olur. Qələbəni heç kim bizdən çox istəyə bilməz. Səbirli olmaq, çox çalışmaq lazımdır. Komanda olaraq səhvlərimizi görürük. Təbii ki, addım-addım onları aradan qaldıracağıq. Yenə deyirəm, bunu üçün çox işləməliyik”.

Braziliyalı futbolçu deyib ki, komandaları adlarına və ya titullarına görə bölmək istəmir: “Başa düşürəm, “Neftçi” iddialı, köklü klubdur. Ancaq biz öz işimizi yaxşı görməyə çalışmalıyıq. Buna nail olsaq, məqsədimizə çatacağıq. Yəni kiminlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız önəmlidir. Meydanda ən yaxşısını etməli, intizamlı və yaxşı konsentrasiya olmalıyıq”.

Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” oyunu noyabrın 26-da saat 15:30-da “Neftçi Arena”da keçiriləcək.

İdman.biz