“Komandadan ayrılma səbəbimi bilmirəm. Müqavilə başa çatdı, mənimlə danışıqlar aparılmadı".
İdman.biz xəbər verirki, bunu Futbolinfo.az-a açıqlamasında “Kəpəz”in sabiq oyunçusu Yeqor Xvalko deyib.
28 yaşlı müdafiəçi Gəncə klubundakı karyerasını müsbət xatirələrlə yadda saxladığını bildirib: “Kəpəz” mənim üçün “nömrə 1”dir və düşünürəm ki, bu fikrim dəyişməyəcək. Orada olmaqdan çox məmnun idim. Yeganə məyusluğum yeni stadionda oynaya bilməyəcəyimdir. Kluba inkişaf və avrokuboklara vəsiqə qazanmağı arzulayıram. Təbii ki, komandadan ayrılmaq mənim üçün çətindir. Burada özümü evimdəki kimi hiss edirdim. Futbolçu peşəsi belədir – bu gün buradasan, sabah başqa yerdə. ‘Kəpəz’in heyətində keçirdiyim 102 oyun çox böyük təcrübədir. Mən daha güclü və daha inamlı oldum. Güclü futbolçularla oynadım və onlardan çox şey öyrəndim”.
Belaruslu legioner klubdakı çətinliklərə və atmosferə də toxunub: “Çətinliklər nəticə olmayanda yaranırdı. Belə anlar çətin keçirdi. Mövsüm ərzində baş məşqçilər dəyişəndə də asan olmurdu. Amma komandada biz həmişə dost kimi olmuşuq. Həmişə məsuliyyətli və intizamlı biri olmuşam. Komanda yoldaşlarımla münasibətim həmişə yaxşı olub. Düşünürəm ki, məhz buna görə kapitan seçilmişəm”.
Xvalko hazırda klubsuzdur və gələcək planları hələ dəqiqləşməyib: “Sevdiyim işlə məşğul olmağa davam etmək istəyirəm. Lakin hələlik heç bir klubla danışıqlar olmayıb. Böyük məmnuniyyətlə Azərbaycana qayıdaram. Çünki əvvəldən bəri xoşuma gələn cəhət o idi ki, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir”.
İdman.biz