“Adil Şükürov belə deyirsə, daha sözüm yoxdur. Bir il əvvəl o, komandada olarkən, mən kapitan idim. Narazılığını başa düşmürəm”.
İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında “Kəpəz”dən ayrılan belaruslu futbolçu Yeqor Xvalko deyib.
28 yaşlı müdafiəçi, baş məşqçi təyin olunduqdan sonra Adil Şükürovun onun performansını bəyənməməsinin səbəbini anlamadığını bildirib: “Ayrılığın səbəbini özüm də bilmirəm. Şəxsən mənə heç nə deyilmədi. Qərarı rəhbərlik verdi”.
Xvalko gözlənilməz gedişinə baxmayaraq, klubdan normal ayrıldığını deyib: “Bu, məndə inciklik yaratmadı. Çünki yetkin bir insanam və hər şeyi anlayıram. Həmişə demişəm ki, komandaya sponsor gəlsə, “Kəpəz” bir-iki ilə avrokuboklar uğrunda mübarizə aparacaq”.
Təcrübəli kapitan Azərbaycanda qalmaq istəyini də dilə gətirib: “Həmişə Azərbaycanda oynamaqdan məmnun olaram. Hazırda heç bir klubdan təklif almamışam”.
Qeyd edək ki, Yeqor Xvalko 2022-ci ildə Belarusun "Arsenal" (Dzerjinsk) klubundan“Kəpəz”ə transfer olunub. 28 yaşlı oyunçu "Kəpəz"in heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub.
İdman.biz