“Araz-Naxçıvan”ın kapitanı: “Aris”in gücünə bələdik, lakin Yunanıstana gəzinti üçün getməyəcəyik"

Xəbərlər
19 İyun 2025 16:34
33
“Araz-Naxçıvan”ın kapitanı: “Aris”in gücünə bələdik, lakin Yunanıstana gəzinti üçün getməyəcəyik"

"Püşkatma zamanı səpələnməmişlər qrupunda olduğumuz üçün bilirdik ki, çətin rəqiblərdən biri ilə düşəcəyik".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan”ın kapitanı Ürfan Abbasov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstanın “Aris” komandası ilə bağlı danışarkən deyib.

O, ilk oyuna kimi tam hazır olacaqlarını bildirib: ”Hələlik heyətimizi formalaşdırmağa davam edirik. Həm Azərbaycanda, həm də Türkiyədə təlim-məşq toplanışımız olacaq. Bildiyiniz kimi, oyunçuların əksəriyyəti gedib. Yeniləri də yavaş-yavaş komandaya qoşulurlar. Onların uyğunlaşmasına zaman lazımdır. Baş məşqçimiz Elmar Baxşıyev yaxşı komanda formalaşdırmağı bacarır. “Aris”in nə qədər güclü olduğunu bilirik, lakin Yunanıstana gəzinti üçün getməyəcəyik. Hər iki matçda rəqibə güclü tərəflərimizi göstərməyə çalışacağıq. İnanıram ki, yaxşı hazırlıq keçib, onlara qarşı layiqli mübarizə aparacağıq”.

Vaxtilə “Qəbələ”nin heyətində Avrpa Liqasında “Panatinaikos” komandasına qarşı oynamış 32 yaşlı müdafiəçi Yunanıstan klublarının Azərbaycan təmsilçiləri ilə matçlarda aqressiv mübarizə apardığını söyləyib: “Yunan klubları bizə qarşı qəzəbli olurlar. Hiss edirəm ki, bu dəfə də eyni ssenari olacaq. İnanıram ki, birgə iş sayəsində rəqibin və azarkeşlərin təzyiqi altından çıxa biləcəyik”.

Ü.Abbasov bildirib ki, klub rəhbərliyi Konfrans Liqasında “Araz-Naxçıvan”ın qarşısına konkret hansısa hədəf qoymayıb: “Nə qədər çox mərhələ keçsək, bizim üçün bir o qədər yaxşıdır. Əldə edəcəyimiz uğur həm azarkeşlərimizə, həm də Azərbaycan xalqına stimul verəcək”.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk matçı evdə, cavab qarşılaşmasını isə səfərdə keçirəcək.

İdman.biz