Nərgiz Qurbanova: “Artıq “Qız nədir, futbol nədir?!" fikri unutdurulub” - MÜSAHİBƏ

Müsahibə
14 İyun 2025 10:17
50
Nərgiz Qurbanova: “Artıq “Qız nədir, futbol nədir?!" fikri unutdurulub” - MÜSAHİBƏ

Azərbaycanın qızlardan ibarət U-17 millisinin baş məşqçisi Nərgiz Qurbanovanın Qol.az-a müsahibəsi

- Nərgiz xanım, əvvəlcə sizin haqqınızda danışaq. Futbola marağınız necə yaranıb?

- Futbola marağım hələ kiçik yaşlarımdan başlayıb. Çünki futbola baxmağı çox sevirdim. Oğlan dostlarımla futbol oynayırdım. İlk vaxtlar valideynlərim icazə verməsələr də, müəyyən yaşdan sonra fikirlərini dəyişdirə bildim. Təxminən 12 yaşımdan qızlardan ibarət komandaların birində futbol məşqlərinə başladım. Zamanla qadınlardan ibarət U-17 və U-19 millilərində də forma geyinməyə nail oldum.

- Bəs, məşqçi olmağa necə qərar verdiniz?

- Hazırda 31 yaşım var. 12 ildir ki, məşqçi kimi fəaliyyət göstərirəm. Təbii ki, düşünmürəm hansısa bir futbolçu gənc yaşlarından məşqçi olmaq istəsin. O vaxt mənim 19 yaşım var idi. Həmin dövrdə səhv etmirəmsə, yalnız U-15 ve U-17 qızlar liqası olduğu üçün yaşım uyğun gəlmirdi. Mən böyük olduğuma görə bu liqalarda oynaya bilməzdim. Bu səbəbdən də ilk məşqçim mənə təklif etdi ki, həm futbol oynayım, həm də təcrübəçi kimi indidən kiçik qızlara məşq keçim, gələcəkdə də futbol məşqçisi olum. Mən də razılaşdım. Çünki futbol həyatımın bir parçasına çevrilmişdi. Zamanla da başa düşdüm ki, uğur qazanmaq isdəyirəmsə, iki yoldan birini seçməliyəm. Mən də məşqçi olmağı seçdim.

- Xanım olaraq bu sahədə uğur qazanmaq sizin üçün çətin oldumu?

- Əlbəttə ki, hər uğurun arxasında çətin günlər və böyük zəhmət dayanır. Siz hər nə olsa da, dayanmayıb məqsədiniz üçün çalışırsınızsa, zamandan asılı olmayaraq, bir gün uğur qazanacaqsınız. Sadəcə səbrli olmaq lazımdır.

- Ümumiyyətlə, ölkəmizdə qadın futbolunun durumunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, qadın futbolu gündən-günə inkişaf edir. Buna misal kimi son illərdəki nailiyyətlərimizi göstərmək olar. Düzdür, bəzən məglubiyyətlər də alırıq. Amma bilirik ki, bu futboldur. Daim uğur qazanmaq mümkün olmaya bilər. Əvvəllər bir deyim var idi: "Qız nədir, futbol nədir?!" Məncə, artıq qızlarımız bu fikri unutdurub. Eləcə də əvvəllər uşaq futbola gələndə çox vaxt valideynlər icazə vermirdilər, dəstək olmurdular. Artıq bu mövzuda da müsbət dəyişikliklər baş verib.

- Sizcə, hazırda qadın futbolunda hansı problemlər var?

- Məncə bu, uzun bir mövzudur. Çox futbol mütəxəssisi öz fikirlərini bildirib. Sadəcə deyə bilərəm ki, həyatda ən yaxşı müəllim təcrübədir. Qızlarımızın gələcəkdə yaxşı futbol oynamağını istəyiriksə, ilk növbədə onların erkən yaşlardan futbola başlamağına kömək etməliyik. Məsələn, 10-13 yaşda yox, 6-8 yaşda. Qızlar bu yaşlarda futbol oynamağa başlasınlar ki, oyun təcrübələri qazansınlar, müəyyən yaşa gələndə daha yaxşı nəticələr əldə etsinlər.

- Azərbaycan futbolunda yaxşı futbolçu çatışmır, yoxsa yaxşı mütəxəssis?

- Bir futbolçu 12-13 yaşından futbola başlayırsa, ən yaxşı baş məşqçiyə də sahib olsa, o komananın nəticə qazanmağı çətinləşir. Təbii ki, ətraf və mühitin də futbolçuya böyük təsiri var. Bunu unutmayaq.

- Sonda futbolçu və ya məşqçi olmaq istəyən qızlara hansı məsləhətləri vermək istəyərsiniz?

- Demək istəyirəm ki, əvvəlcə peşənizi sevin və bunu bacaracağınıza inanın. Daha sonra çalışın. O qədər çalışın ki, yorulduğunuzu hiss edin. Çünki yorğunluq zəhmət və əmək vermək deməkdir. Bunun sonunda futbolun istənilən sahəsində uğur qazana bilərsiniz.

İdman.biz