Elmar Baxşıyev: "Gücləndirməyə ehtiyac duyduğumuz mövqelər var"

Xəbərlər
12 İyun 2025 21:40
50
Elmar Baxşıyev: "Gücləndirməyə ehtiyac duyduğumuz mövqelər var"

"Əlbəttə, tanıdığın futbolçu ilə işləmək daha uyğundur. Çünki onun həm qabiliyyətinə, həm xasiyyətinə, həm də xarakterinə bələdsən. Həmin futbolçu da burada oynadığına görə, komandaları tanıyır, yaşamaq və uyğunlaşmaq baxımında çətinlik çəkmir. Ancaq uğurun resepti bundan ibarət deyil. Bu, təsir edən məqamlardandır. Uğur qazanmaq üçün inanmalı, xarakter göstərməli, meydanda sona qədər mübarizə aparmalı, çətin gündə birləşməyi bacarmalı, verilənləri icra etməli, məğlub olduqda nəticə çıxarmalısan. Uğurun konkret resepti, yolu yoxdur".

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis komandanın heyəti ilə bağlı verilən sualı isə belə cavablandırıb: "Futbolçuları istirahətdə olsalar da, məşqçilər korpusu işini davam etdirir. Axtarışdayıq. Hər gün bir neçə futbolçunu izləyir, araşdırırıq. İstəyirik ki, dəvət edəcəyimiz futbolçular daha güclü olsun, həm Premyer Liqada, həm də avrokuboklarda bizə kömək etsinlər, komandanı uğura aparsınlar. Belə futbolçuları həm tapmaq çətindir, həm də qiymət məsələsində anlaşmaq lazımdır. Onları ölkəmizə gəlməyə razı salmaq gərəkir. Gücləndirməyə ehtiyac duyduğumuz mövqelər var. O istiqamətdə axtarışlar gedir. Heyəti elə qurmalıyıq ki, iştirak edəcəyimiz yarışlarda mümkün qəər irəliləyək".

Baxşıyev, yeni mövsüm rəqiblərini harada qəbul edəcəyini söyləyib: "Avrokubok oyunlarımızı “Liv Bona Dea Arena”da keçirəcəyik. Çempionata da yəqin ki burada başlayarıq. Ola bilsin, Naxçıvan şəhər stadionunda təmir işləri başlasın. Öz arenamız nə zaman hazır olacaqsa, məmnuniyyətlə rəqiblərimizi orada qəbul edəcəyik. Doğma məkanda oynamaq bizə əlavə güc verəcək. Çünki tribunalarda bizi dəstəkləyən minlərlə azarkeşimiz olacaq. Ancaq indiki məqamda orada oyunları keçirmək mümkün deyil".

Qeyd edək ki, “Araz-Naxçıvan” tarixində ilk dəfə UEFA Konfrans Liqasında çıxış edəcək.

İdman.biz