Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər

21 Oktyabr 2026 07:13
126
Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər

“Mançester Siti”nin futbolçusu Fil Foden Çempionlar Liqasının əsas mərhələsində AEK-ə qarşı keçirilən və komandasının 5:1 hesablı qələbəsi ilə başa çatan görüşün əsas qəhrəmanı olub.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi üç qol və bir məhsuldar ötürmə ilə yadda qalaraq matçın ən yaxşı oyunçusu seçilib. Bununla da o, Çempionlar Liqasında bir oyunda het-trik edən və məhsuldar ötürmə verən üçüncü ingiltərəli futbolçu olub. Daha əvvəl bunu Ueyn Runi (2004) və Rahim Sterlinq (2019) bacarıblar.

Fodenin çıxışı Erlinq Holandın yoxluğunda xüsusi əhəmiyyət daşıyıb. Əvvəlki matçda ayağından zərbə alan norveçli hücumçu AEK-lə görüşdə meydana çıxmayıb. Baş məşqçi Enzo Mareska isə Fodeni oyun ərzində “yalançı doqquzluq” mövqeyində sınayıb və bu qərar özünü doğruldub.

“Bu oyundan böyük zövq aldım. Hücumçuyam və qol vurmağa, komandama kömək etməyə davam etməliyəm. Bu, özüməinam baxımından çox vacibdir. Ən yaxşı formama qayıdıram, amma hələ qarşıda uzun yol var”, - deyə Foden "TNT Sports"a açıqlamasında bildirib.

“Mançester Siti”nin sabiq müdafiəçisi Joleon Leskott hesab edir ki, Foden Holandın alternativinə çevrilə bilər:

“Onun oyunu möhtəşəm idi, zərbələri isə son dərəcə dəqiq idi. Düşünürəm ki, Foden məşqçini inandırdı: Holand hər hansı səbəbdən oynaya bilməsə, doqquz nömrə mövqeyində çıxış etməli olan futbolçu məhz odur”.

Mareska da yetirməsinin çıxışından razı qalıb:

“Filin oyunundan çox razıyam. İlk gündən onu İngiltərənin ən yaxşı futbolçularından biri hesab etdiyimi demişəm. Son iki ildə müxtəlif səbəblərdən problemlər yaşasa da, onun komandamıza böyük kömək edəcəyini bilirik”.

Qeyd edək ki, Foden son iki mövsümdə əvvəlki məhsuldarlığını göstərə bilməyib. O, ötən mövsümü klub və milli komanda səviyyəsində ardıcıl 31 oyunda qol vurmadan başa vurub. Bununla belə, iyulda “Mançester Siti” ilə yeni dördillik müqavilə imzalayıb.

İdman.Biz