“Sabah”ın hücumçusu Coy-Lens Mikels Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sına 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, komandasının çıxışını dəyərləndirən futbolçu ilk hissədə rəqibdən daha yaxşı oynadıqlarını, lakin yaranan qol imkanlarından istifadə edə bilmədiklərini söyləyib.
“İlk hissədə vurduğumuz qoldan sonra çoxlu qol imkanlarımız oldu. Düşünürəm ki, hətta fasiləyə qədər daha üstün tərəf biz idik. Amma futbol nəticə oyunudur. Dortmund daha bir qol vurdu, biz isə ikinci qolu vura bilmədik. İkinci hissədə ilk yarının son 25 dəqiqəsindəki kimi oynamağa, irəli çıxmağa çalışdıq, amma bunu bacarmadıq. Dortmundun da oyunun həmin şəkildə davam etməsinə imkan verməyəcək keyfiyyətlərə sahib olduğunu bilirik. Ümumilikdə, məyusuq. Daha yaxşı oynaya bilərdik, buna şübhə yoxdur. İndi “Vikinq”lə qarşılaşmada özümüzü inkişaf etdirməliyik. Düşünürəm ki, yenə də yaxşı oyun keçirdik. Nəticədə, rəqib Dortmund klubu idi. Cəmi 1:2 hesabı ilə məğlub olmaq qarşıdakı oyunlar üçün bizə əlavə motivasiya verir. Ümid edirik ki, “Vikinq”lə matçda xal qazana biləcəyik”.
Mikels Bakıya gələn almaniyalı azarkeşlərin yaratdığı atmosferdən də danışıb:
“Almaniya azarkeşlərinin ən yaxşı olduğunu bilirdim. Dünyada hər kəs bunu bilir. Onların Dortmund futbolçularına dəstək verməsini görmək çox özəl və xoş idi”.
Almaniyada dünyaya gələn hücumçu doğma ölkəsinin təmsilçisinə qarşı oynamağın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu, möhtəşəm hissdir. Özüm “Mançester Yunayted” azarkeşiyəm, amma Almaniya komandalarına da azarkeşlik edirəm. Bura mənim doğma ölkəmdir. Almaniyada doğulmuşam. Buna görə də alman komandası ilə oynamaq çox xoşdur”.
Futbolçu Çempionlar Liqasının ilk turunda “Mançester Yunayted”lə keçirilən görüşlə “Borussiya”ya qarşı oyunu da müqayisə edib:
“Öz oyunumuz barədə danışa bilərəm. Düşünürəm ki, oyundan-oyuna inkişaf edirik. Bəlkə də “Mançester Yunayted”lə qarşılaşma bizim üçün bir qədər tez idi. Amma indi “Borussiya”ya qarşı çox yaxşı oynadığımızı gördünüz. Getdikcə daha yaxşı çıxış edirik, lakin artıq xal qazanmalıyıq. Ötən həftə “Slaviya”ya qalib gəldik, amma bu gün daha yaxşı oynaya biləcəyimizi düşünmək məyusedicidir”.
Mikels qarşıdakı “Vikinq” və “Barselona” görüşlərinə də toxunaraq hazırda bütün diqqətlərini Norveç təmsilçisinə yönəltdiklərini bildirib:
“İlk növbədə “Vikinq”lə qarşılaşacağıq. Hazırda “Barselona” haqqında düşünmürəm. Onların dünyanın ən yaxşı komandası olduğunu bilirik, güclü futbolçuları var. Amma növbəti rəqibimiz “Vikinq”dir”.
“Sabah”ın hücumçusu həftəsonu “Qarabağ”la keçiriləcək Misli Premyer Liqası matçının da maraqlı mübarizə şəraitində keçəcəyini gözləyir:
“Ən yaxşı oyunlarımızı keçirmək istəyirik. İndi “Qarabağ”la qarşılaşacağıq. Bilirəm ki, bu oyun sizin üçün də çox özəldir. “Sabah” - “Qarabağ” matçında meydanda yenə yüksək keyfiyyətli futbol görəcəyik. Mən də bu oyunu səbirsizliklə gözləyirəm, çünki məhz belə matçlarda oynamaq istəyirsən. Oyuna çox yaxşı hazırlaşacağıq. Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Maraqlı qarşılaşma olacaq. Üstəlik, yeni stadionumuzda oynayacağıq. Bu da xoşdur”.
