PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ağır zədə səbəbindən doqquz aya qədər yaşıl meydanlardan kənarda qala bilər.
İdman.Biz xəbər verir ki, bu barədə ön çarpaz bağ zədələrinin reabilitasiyası üzrə ixtisaslaşmış fizioterapevt Anxel Vilyanueva sosial şəbəkədə paylaşım edib.
Kvaratsxeliya Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona” ilə keçirilən və Paris təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib. Gürcüstanlı futbolçu kataloniyalıların müdafiəçisi Xavi Espartla toqquşmadan sonra 59-cu dəqiqədə əvəzlənib. O, ayağının üzərinə basa bilmədiyi üçün meydanı klubun iki əməkdaşının köməyi ilə tərk edib.
Vilyanuevanın sözlərinə görə, zədənin yaranma mexanizmi dizin ön çarpaz və daxili yan bağlarının zədələnməsinə işarə edir:
“Toqquşma zamanı sağ diz oynağının məcburi olaraq içəriyə doğru əyilməsi aydın görünür. Ayaq yerə sabitlənmiş vəziyyətdə olub və dizə ciddi yük düşüb. Bu, ön çarpaz bağın və daxili yan bağın birlikdə zədələnməsi üçün xarakterik mexanizmdir. Bərpa müddəti doqquz aydır”.
Bununla belə, mütəxəssis görüntülərin keyfiyyəti və çəkiliş bucağının zədənin dəqiq qiymətləndirilməsinə imkan vermədiyini vurğulayıb.
Qeyd edək ki, Kvaratsxeliyanın zədəsinin xarakteri və bərpa müddəti ilə bağlı klubun rəsmi tibbi rəyi təqdim olunan məlumatlarda yer almayıb.
