Fərid Nəbiyev: “Legioner limitinin ləğvi heç bir narahatlıq yaratmır” - MÜSAHİBƏ

Müsahibə
5 İyun 2025 13:55
45
Fərid Nəbiyev: “Legioner limitinin ləğvi heç bir narahatlıq yaratmır” - MÜSAHİBƏ

Son mövsümü “Səbail”də keçirmiş yarımmüdafiəçi Fərid Nəbiyevin futbolinfo.az-a müsahibəsi

– 2024/2025 mövsümündə Misli Premyer Liqasını tərk edən komanda “Səbail” oldu. Sezonu sonuncu pillədə bitirməyinizin əsas səbəbləri hansılardır?

– Heç kim istəməzdi ki, belə bir hadisə baş versin. Bu halı heç bir futbolçuya arzulamıram. Amma futbolda hər şey ola bilir. Bəlkə də çox səbəb var, ancaq bu haqda heç nə deyə bilmərəm.

– Mövsümün son turunda – “Sumqayıt”la matçda (1:4) qardaşınız Yusif Nəbiyevlə birlikdə adınızı iştirak ərizəsində görmədik. Bu nə ilə bağlı idi?

– Hər ikimiz zədəli idik. Bu səbəbdən “Sumqayıt”la oyunda iştirak etmədik.

– Necə düşünürsünüz, “Şamaxı” və “Qəbələ” kimi, “Səbail” də cəmi 1 ildən sonra Premyer Liqaya qayıda biləcək?

– “Səbail”ə uğurlar arzulayıram. Ümid edirəm ki, dediyiniz olar və bu komanda yenidən Premyer Liqada oynayar.

– Növbəti mövsümə hansı klubda başlayacağınıza nə vaxt aydınlıq gələcək? Yəqin ki, Premyer Liqanın digər klublarından təklifləriniz var. Həmin təkliflər arasında seçim edəcəksiniz, yoxsa yenidən legioner həyatı yaşamaq istərdiniz?

– Açığı, ölkə xaricindən də təkliflərim var. Amma hələ gələcək karyeramla bağlı qərar verməmişəm. Yaxın müddətdə hər şeyə aydınlıq gələcək.

– Ölkə xarici deyəndə vaxtilə yollandığınız Çexiyanı nəzərdə tutursunuz?

– Xeyr, Çexiyanı nəzərdə tutmuram. Başqa ölkələrdən maraqlananlar var. Necə olacağını zaman göstərəcək.

– Növbəti mövsümdən ölkə çempionatında legioner limiti olmayacaq. Deməli, yerli futbolçuların heyətə düşməsi çətinləşəcək. Bu, sizdə narahatlıq yaradırmı?

– Şəxsən məndə heç bir narahatlıq yaratmır. Ümid edirəm ki, kim güclüdürsə, o da oynayacaq. Legioner limitinin ləğvi o demək deyil ki, əcnəbilər bizdən çox üstün olacaqlar. Bizim çempionatda oynamaq heç də asan deyil. Növbəti mövsümün sonunda hər şeyə aydınlıq gələcək.

– Artıq 26 yaşınız var və hələ də millinin aparıcı futbolçularından birinə çevrilməməyiniz təəssüf doğurur. Bu məqam sizi də məyus edirmi? Yaxın gələcəkdə yığmanın əsas oyunçularından olacağınıza inamınız varmı?

– Mümkünsüz heç nə yoxdur. Əvvəlcə çalışıb milliyə düşmək lazımdır. Yalnız ondan sonra nəsə danışmaq olar. Hələ ki fikrimi yeni mövsümə yönəltmişəm.

İdman.biz