Xəyal Əliyev: “Məqsədimiz qrup mərhələsinə düşməkdir”

Xəbərlər
4 İyun 2025 17:57
54
Xəyal Əliyev: “Məqsədimiz qrup mərhələsinə düşməkdir”

“Yenidən milli komandaya dəvət aldığım üçün çox xoşbəxtəm. İnşallah, daha yaxşı oynayıb, qələbələr qazanarıq. Bunun üçün bütün gücümüzü meydanda qoymağa hazırıq. Ümid edirəm ki, bu dəfə azarkeşlərimizi sevindirəcəyik”.

İdman.biz xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Xəyal Əliyev bildirib.

O, ölkə kubokunun finalında “Qarabağ” üzərində qazandıqları 3:2 hesablı qələbəyə də toxunub: “Çox sevincliyəm ki, sona qədər mübarizə aparıb qələbə qazandıq. Əvvəldən çətin olacağını bilirdik, lakin təslim olmadıq. Həftə ərzində bütün diqqətimizi bu oyuna yönəltmişdik. “Sabah” Sumqayıtda kuboku qaldıraraq, yeni bir tarix yazdı. Avropa Liqasına vəsiqəni təmin etdik. İndi bütün fikrimizi Avropa oyunlarına yönəltmişik. Məqsədimiz yaxşı nəticələr əldə edərək qrup mərhələsinə düşməkdir”.

Gənc futbolçu cari mövsümün onun üçün uğurlu keçdiyini və qarşıdakı hədəflərindən də danışıb: “Bu mövsüm mənim üçün çox uğurlu keçdi. Həm oyun praktikası, həm də qazandığımız uğurlar baxımından. Hər oyunda çalışıram ki, bir az da irəli gedim, təcrübə toplayım və inkişaf edim. Ümid edirəm ki, bu inkişaf davamlı olacaq. Qarşıda məni gözləyən daha böyük hədəflərim var. Ən böyük arzularımdan biri legioner həyatı yaşamaqdır. Düşünürəm ki, bu, hər bir gənc futbolçunun arzusudur. Mən də bunun üçün çalışıram. Bir gün bu məqsədimə çatacağama və xarici bir klubda oynayaraq həm özümü, həm də Azərbaycan futbolunu layiqincə təmsil edəcəyəmə inanıram”.

İdman.biz