Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynovun "Report"a müsahibəsi
- Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu. Bu münasibətlə sizi təbrik edirik. Hansı hissləri keçirirsiniz, təəssüratlarınız necədir?
- Buna yaxşı sözü də kifayət etmir. Bu, çox əla hisslərdir. Bizim üçün yorğun dövr oldu. Çünki qatıldığımız digər turnirlərdə yalnız milli komandamızla bağlı işlər görürdük. Amma indi bütün iştirakçı komandalar, təşkilatçılıq, turnirin gedişatı və başqa işlərlə biz məşğul idik. Bir qədər ağır oldu. Amma böyük təcrübə idi. Sondakı nəticə yorğunluğu aradan qaldırmağa kömək oldu. Bakıdakı dünya çempionatı gözəl xatirələrlə yadda qaldı.
- Beynəlxalq qurumun nümayəndələri və digər rəsmilər mundialın təşkilatçılığını bəyəndiklərini bildiriblər. Siz də daha əvvəl bir neçə yarışda iştirak etmisiniz. Bakıdakı turniri digərlərindən fərqləndirən nə idi?
- Bu, oyunların keçirildiyi arenadan tutmuş digər məsələlərə qədər başqa yarışlardan fərqlənirdi. Bakıdakı turnir indiyədək gördüyüm ən yaxşı yarışdır. İştirakçı ölkələrin rəsmiləri, oyunçuları da çox razı qalıblar.
- Prezident İlham Əliyev qələbədən sonra milli komandanın üzvlərini qəbul etdi. Görüşlə bağlı təəssüratlarınız necədir?
- Bu görüş dünya çempionluğunu qazanmaqdan daha böyük zirvə idi. Titula sahib çıxandan sonra arzuladığımız da məhz bu idi. Çox xoş görüş oldu. Özümüzü xoşbəxt hiss edirik. Normalda kuboku qazanırsan və bununla tamamlanır. Bizim isə məqsədimiz, istəyimiz və arzularımız dünənki görüşdə tamamlandı. Ölkə başçısı ilə görüş hamıya qismət olmur. Həm öz adımdan, həm də federasiyamız adından cənab Prezidentə bizə vaxt ayırdığı üçün təşəkkür edirəm. Çox səmimi görüş alındı, xatirə şəkli çəkdirdik və bizə növbəti turnirlərdə uğurlar arzuladı. Bunun üçün Prezidentimizə minnətdarıq.
- "Birbaşa Bakı" klub səviyyəsində Çempionlar Liqasının qalibi olub, Azərbaycan yığması isə artıq dünya çempionudur. Qarşıdakı hədəfləriniz nədir?
- Hər dəfə qatıldığımız turnirlərdə maksimum nəticə əldə etmək niyyətindəyik. Məqsədlərimiz dəyişmir. Əldə olunan nailiyyətlərlə kifayətlənməyəcəyik. Bu zirvədə qalmaq istəyirik. Titulu əldən vermək niyyətində deyilik. İndi onun qorunması üçün çalışmalıyıq.
- Minifutbol tarixində ardıcıl iki dəfə dünya çempionu olan komanda yoxdur. Azərbaycan yığması bu rekordu qıra bilərmi?
- Növbəti hədəfimiz də bu olacaq. 2026-cı ildə Avropa çempionatında iştirak edəcəyik. 2022-ci ildə çempion olmuşuq. Sonra bu titulu qoruya bilmədik. Yenidən qitənin ən yaxşısı olmağı qarşımıza məqsəd qoymuşuq. Sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada Çempionlar Liqası keçiriləcək. "Birbaşa Bakı" və "Zirə" yarışa qatılacaq. Ən azı iki klubumuzdan birinin kuboku qazanmasını istəyiril. "Birbaşa Bakı" titulu qorumağa çalışacaq. Həm yığmanın, həm də klubların çempion olması üçün çalışırıq.
İdman.biz