Əziz Hüseynov: “Məqsədimiz “Xankəndi”ni layiqincə təmsil etməkdir”

Xəbərlər
23 May 2025 15:45
39
Əziz Hüseynov: “Məqsədimiz “Xankəndi”ni layiqincə təmsil etməkdir”

“Birinci gündən hədəfimiz çempionluq idi”.

Bunu İdman.biz-ə “Xankəndi” klubunun futbolçusu Əziz Hüseynov deyib.

Komandasının kapitanı AFFA Region Liqasının qalibi olmasından danışıb. O bildirib ki, çempion olduqları üçün xoşbəxtdir: “Mövsüm çox maraqlı hadisələrlə yadda qaldı. Bəzi oyunlarımız çətin, bəziləri isə normal keçdi. Qrup oyunlarına nisbətən pley-off qarşılaşmaları çətin oldu. Sona daha güclü komandalar qalmışdı. Çətinliklə də olsa, bütün oyunlarda layiqli qələbələr qazandıq. Mövsüm ərzində komandamız cəmi bir qol buraxdı”.

Hüseynov “Xankəndi”nin II Liqaya vəsiqə qazanmasından da danışıb: “Hədəfimiz gələcəkdə də uğurlu çıxışı davam etdirməkdir. Artıq rəhbərliklə bu haqda söhbətimiz olub. Gələn mövsümdə də bizim məqsədimiz yalnız çempionluqdur. Bacardığımız qədər irəli getmək istəyirik. Heyətimizdə Premyer Liqa təcrübəsi olan futbolçular var. Komanda irəlilədikcə heyətdə də dəyişikliklər olacaq. “Xankəndi” futbol klubu yarandığı gündən məqsədimiz Premyer Liqaya çıxmaqdır. Bu hədəfə doğru da gedirik. “Xankəndi” adının məsuliyyətini yaxşı dərk edirik. Komandamıza yeni futbolçular qoşulanda ilk növbədə daşıdığımız adın ağırlığını onlara izah edirik. Bizim əsas məqsədimiz bu adı layiqincə təmsil etməkdir”.

Qeyd edək ki, ötən gün Qəbələ şəhər stadionunda keçirilən final oyununda "Xankəndi" “Şirvana 3:0 hesabı ilə qalib gələrək çempion olub və II Liqada iştirak hüququ əldə edib. Komanda növbəti mövsüm UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək.

Aytac Sahəd
İdman.biz