Urfan Abbasov: “Naxçıvanda azarkeşlər önündə daha motivasiyalı, uğurlu oyun keçirərdik” - MÜSAHİBƏ

Müsahibə
23 May 2025 12:23
52
Urfan Abbasov: “Naxçıvanda azarkeşlər önündə daha motivasiyalı, uğurlu oyun keçirərdik” - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasovun İdman.biz-ə müsahibəsi

- "Araz-Naxçıvan" bürünc medal və UEFA Konfrans Liqasına vəsiqə qazandı. Əvvəlcədən qarşıya qoyulan məqsəd bu idi, yoxsa?

- Sözün düzü, çempionat başlayanda avrokuboklara getmək kimi bir hədəf qoyulmamışdı. Ancaq gedişatda gördük ki, yaxşı nəticələr qazanırıq. Sonda da çempionatda üçüncü olduq.

- Son turlar “Turan Tovuz”la gərgin rəqabətdə keçdi. Sözügedən mərhələdə sizdə hər hansı tərəddüd oldu?

- Bütün oyunlara yaxşı motivasiya ilə çıxmağa çalışırdıq. Birinci dövrdəki matçların demək olar ki, hamısı yaxşı keçdi, ikinci dövrədə müəyyən qədər axsaqlıq oldu. Zədəli futbolçuların çoxluğu və stadionla bağlı yaşadığımız problemlər oyunumuza da təsir etdi, xallar itirdik. Ancaq əsas nəticədir, onu da qazana bildik. Çalışacağıq ki, Konfrans Liqasında da yaxşı çıxış edək.

- Konfrans Liqası ilə bağlı komandanın qarşısına qoyulan hədəflər artıq bəllidir?

- Məncə, əsas məsələ düzgün yanaşma və geniş heyətə sahib olmaqdır. Yaxşı oyunçular gəlsə, komanda daha yaxşı olar. Hələ ki, heç nə bəlli deyil. Hamı gözləmə mövqeyindədir. Uşaqların çoxunun müqaviləsi bitir.

- Elə sizin də.

- Mən də digər oyunçular kimi gözləyirəm.

- “Araz-Naxçıvan”da qalmaq istəyirsiniz?

- Danışıq olsa, yəqin ki, müsbət nəticələnər.

- Sabiq komandanız “Qəbələ” də Premyer Liqaya qayıdır. “Qırmızı-qaralar”dan təklif gəlsə, bəs necə?

- Hələ ki, heç bir təklif yoxdur. İstənilən təklifi götür-qoy etmək lazımdır. Hazırda isə bu haqda nəsə deyə bilmərəm. Üstəlik, "Zirə" ilə bir oyunumuz qalıb. Yəqin ki, ondan sonra bu barədə danışa bilərik.

- Belə başa düşdüm ki, gələcəklə bağlı konkret danışacağımız nəsə yoxdur. Bitməkdə olan mövsümdən danışsaq, hansı oyunu fərqləndirərdiniz?

- Bütün oyunlar maraqlı, rəqabətli keçdi. Düzü, fərqləndirə biləcəyim hansısa qarşılaşma yoxdur. Yəqin ki, Naxçıvanda çoxsaylı azarkeşlər önündə çıxış etsəydik daha motivasiyalı, uğurlu oyun keçirərdik. Ümid edirəm, növbəti mövsümdə bu məqamı da nəzərə alarlar. Stadion və zədəlilərə baxmayaraq, “Araz-Naxçıvan” adına çox yaxşı nəticəyə imza atdıq.

- Mövsümdə ən yaddaqalan matçlarınız sırasında “Qarabağ”la qarşılaşmaları qeyd edə bilərik. Təbii ki, söhbət yalnız müsbət məqamlardan getmir.

- “Qarabağ”la oyunlar gərgin keçir. Onlara qarşı daha motivasiyalı oynamağa çalışırıq. Futbolda belə intriqaların olması normaldır. “Qarabağ”ın gücünə hamımız bələdik. Biz yaxşı oynamağa çalışdıq, ancaq keyfiyyət baxımından yəqin ki, onlar bizi üstələdilər. “Qarabağ”ın avrokubok və Çempionlar Liqası təcrübəsi var. Oyun zamanı baş verən neqativ hallara gəldikdə isə futbolçular arasında belə anlaşılmazlıqlar olur. Bu da normal haldır. Olan stadionun içində qalır. Belə situasiyalarda komandanı sakitləşdirməyə çalışırıq. Bu zaman alınan vərəqə lazımsızdır və növbəti oyunlara təsir edir.

- Bəs fərdi performans baxımından mövsüm sizin üçün necə yadda qaldı?

- Mövsüm ərzində ciddi zədələrim olmadı. Oyunların demək olar ki, 90-95 faizində iştirak etmişəm. Fikrimcə, pis mövsüm keçirməmişəm. Əlbəttə ki, zəif oynadığım matçlar da oldu. Bu da futbolda qaçılmazdır. Bacardığım qədər komandaya kömək etməyə çalışdım. Yaş faktorunu da nəzərə almaq lazımdır. Mənim də yaşım az deyil.

- Karyeranı nə vaxt bitirməyi planlayırsınız?

- Nə qədər gücüm varsa, o qədər oynayacam. Hələ bir-iki il də komandalara fayda verməyə çalışacam.

- Məlum nəticədən sonra klub tərəfindən mükafatlandırıldınızmı?

- Rəhbərlik həmişə bizim yanımızda olub. Mükafatlandırılacağımızı da bilirik. Hələ ki, gözləyirik.

- Mükafatın məbləği məlumdur?

- Bunu demək düzgün olmaz.

Aytac Sahəd
İdman.biz