Mövsümün ən yaxşı futbolçusu: "Çətin olacağını bilirik, amma heç nədən çəkinmirik"

Xəbərlər
23 May 2025 11:26
39
Mövsümün ən yaxşı futbolçusu: "Çətin olacağını bilirik, amma heç nədən çəkinmirik"

"Bütün komandalar kimi finalda rəqibimiz olan "Şirvan"a da hörmətlə yanaşırdıq. Qələbə heç də asan olmadı. "Şirvan"a layiqli müqavimət göstərdiyi üçün təşəkkür edirik".

İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi "Xankəndi"nin futbolçusu Sərxan Ağayev deyib.

Region Liqasında mövsümün ən yaxşı futbolçusu seçilən Ağayev sevincini bölüşüb: "Xankəndi" ilə çempion olduğum üçün qurur duyuram. Sevinirəm ki, bu çempionluqda mənim də payım var. Ayrıca olaraq ən yaxşı futbolçu olduğuma görə sevinciminin həddi-hududu yoxdur. Komanda olaraq qarşımıza həmişə çempionluq məqsədi qoyulub. İnşallah, klubla yola davam etsəm, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. İkinci Liqada yüksək yerlər uğrunda mübarizə aparacayıq. Çətin olacağını bilirik, amma heç nədən çəkinmirik".

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən final oyununda "Şirvan" və "Xankəndi" komandaları qarşılaşıblar. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "Xankəndi" kollektivi çempion olaraq, II Liqada iştirak hüququ əldə edib. Komanda növbəti mövsüm UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək. "Şirvan" isə II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirəcək.

İdman.biz