İtaliyada oynamaq İspaniyaya nisbətən daha çətindir?

Xəbərlər
22 May 2025 17:15
30
İtaliyada oynamaq İspaniyaya nisbətən daha çətindir?

"İtaliya çempionatına keçəndə fərqin bu qədər böyük olacağını düşünmürdüm".

İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasının futbolçusu Artyom Dovbik deyib.

“Roma”nın 27 yaşlı hücumçusu A Seriyasını İspaniya çempionatı ilə müqayisə edərək, hazırda niyə futbol meydanında daha çox çətinlik çəkdiyini səmimi şəkildə izah edib: “Fikirləşirdim ki, top liqalardakı müdafiəçilər təxminən eyni səviyyədədirlər. Axı mən ‘Barselona’, ‘Real’, ‘Atletiko’ya qarşı çıxış etmişəm və orada müdafiəçilər təxminən eyni şəkildə oynayır".

Amma Dovbik İtaliyada tam fərqli vəziyyətlə qarşılaşdığını deyir: "Orada belə bir futbolçu ola bilər, İtaliyada isə arxanca üç-dörd müdafiəçi qaça bilər. Hansı istiqamətə getsən də, daim kimsə sənin arxanca qaçır və ayaqlarına "yapışır".

O bu fərqi xüsusilə cinahdan ötürmələr zamanı çox açıq hiss etdiyini dilə gətirib: "Müdafiəçi o an topa baxmır, onun məqsədi səni tutmaqdır ki, heç nə edə bilməyəsən. Əlbəttə, VAR bir qədər kömək edir, amma yenə də səni davamlı vururlar. Hər oyundan sonra meydanı tərk edəndə bədənim cızıq-cızıq və göyərmiş vəziyyətdə olur”.

Qeyd edək ki, ötən mövsüm "Jirona"nın heyətində 24 qolla La Liqanın bombardiri olan Dovbik cari mövsümdə A Seriyasında finişə bir tur qalmış ondan iki dəfə az - 12 dəfə fərqlənib.

İdman.biz