İntriqasız finişdə 2 əhəmiyyətsiz sual

Xəbərlər
19 May 2025 09:28
79
İntriqasız finişdə 2 əhəmiyyətsiz sual

Misli Premyer Liqasında XXXV tur arxada qalıb.

İdman.biz xəbər verir ki, həftəsonu baş tutan qarşılaşmalar sonuncu turu formallığa çevirib.

“Araz-Naxçıvan” bürünc medal və Konfrans Liqasına vəsiqəni təmin edib. “Turan Tovuz” isə avrokubok şansını kubokun finalına qədər qoruyacaq 4-cü yerə sahib olub.

“Qarabağ”ın qızıl, “Zirə”nin gümüş medalların sahibləri olması, həmçinin I Liqaya yuvarlanan komandanın “Səbail” olması isə daha öncədən məlum idi. Bir sözlə, intriqasız finişdə son tur demək olar heç nəyə lazım deyil.

Turnir cədvəli baxımından yalnız iki sualın cavabı son tura qalıb. Bu da əhəmiyyətsiz 5-ci və 8-ci yerin taleyidir.

45 xalı olan “Sabah” turnir cədvəlinin ilk yarısında qalmaq üçün “Neftçi” ilə əyani dueldə uduzmamalıdır. 2 xal geri qalan “ağ-qaralar” “beşlik”də yer almaq üçün mövsümü qələbə ilə bitrməlidir.

Daha bir lazımsız mövqe savaşı “Kəpəz”lə “Sumqayıt” arasında olacaq. Onlar qiyabi dueldə 8-ci yerin sahibini müəyyənləşdirəcək. 32 xala malik Gəncə təmsilçisi son turda “Turan Tovuz”un, iki xal geri qalan “Sumqayıt” “Səbail”in qonağı olacaq.

“Qarabağ”ın 1-ci, “Zirə”nin 2-ci, “Araz-Naxçıvan”ın 3-cü, “Turan Tovuz”un 4-cü yeri təmin etdiyi çempionatda “Şamaxı”nın 7-ci olduğu da dəqiqləşib. “Səbail” isə 10-cu pilləni “özəlləşdirib”.

Qeyd edək ki, son turun görüşləri mayın 23-25-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz