"Mən 1993-cü ildən deyirəm ki, yerli məşqçilərə üstünlük vermək lazımdır. Bütün klublarda ən yaxşı nəticəni yerli məşqçilər əldə edib. Onlara inanmaq lazımdır".
İdman.biz xəbər verir ki, bunu Sport24.az saytına açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis klubların yerli baş məşqçilərə güvənməli olduğunu bildirib: "Əfsuslar olsun ki, klub rəhbərləri yerlilərə inanmırlar, etibar etmirlər. Yerli ilə xarici məşqçi arasında yerlə göy qədər fərq var. "Sumqayıt" Aleksey Baqanı gətirmişdi, nə uğur qazandı? Bir dəfə yanılıblar, yenə yanılmaq istəyirlərsə, gətirsinlər. Xarici məşqçilər 15 ilin ərzində 25 klub dəyişir. Xarici məşqçi lazımdır, etiraz etmirəm. Amma keyfiyyətli olsun. İndiki halda çox keyfiyyətli yerli mütəxəssislərimiz var. Vaqif Cavadov gənc və üzərində işləyən məşqçi idi. Onu niyə istefaya göndərdilər? Müsahibələrində bildirmişdi ki, öyrənmək istəyirəm. Bu, yaxşı cəhətdir. İstəyərdim Vaqif güclü məşqçinin yanında işləsin, təcrübə toplasın, sonra olsun baş məşqçi. Bir şərtlə ki, ona inansınlar. Vaqif xarakterli insandı. Ondan yaxşı məşqçi olacaq".
Qeyd edək ki, Vaqif Cavadovun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Onunla ötən il 2,5 illik müqavilə imzalanmışdı.
İdman.biz