Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatından öncə veteran futbolçuların iştirakı ilə təşkil ediləcək “Legends Cup”la bağlı fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, mütəxəssis “Report”a açıqlamasında oyunun hansı formada keçiriləcəyi ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcəyini deyib.
O, "Legends Cup"da rəqib komandanın baş məşqçisi olacaq Kurban Berdıyevlə əvvəllər məşqçi və futbolçu kimi üz-üzə gəlmədiyini söyləyib: “Bu oyunda Azərbaycan Premyer Liqasında iştirak edən klubların məşqçiləri çıxış edəcək. Belə matçlarda nəticəyə önəm verilmir. Oyuna baxmağa gələn azarkeşlər istirahət etməli, sabiq futbolçuların topla necə davradıqlarını görməlidirlər. Kurban Berdıyevlə nə baş məşqçi, nə də futbolçu kimi üz-üzə gəlmişik. Düşünürəm ki, çox maraqlı olacaq".
AFFA Məşqçilər Komitəsinin üzvü komandaların heyətləri ilə tanış olduğunu bildirib: “Hələ ki, turnirlə bağlı heç kimlə əlaqə saxlamamışam. Amma heyətlərlə tanış olmuşam. 2000-ci ildən bəri “Neftçi”də oynayan futbolçular olacaq. Oyunun necə, hansı formada keçiriləcəyi ilə bağlı yəqin ki, yaxın günlərdə daha ətraflı məlumat verəcəklər”.
Mütəxəssis qarşılaşmanın keçirilməsinin yaxşı hal olduğunu vurğulayıb: “Bu matçın keçirilməsi yaxşı haldır. Çünki SSRİ-də minifutbol üzrə ilk turnir 1968-ci ildə bizdə olub. Oyunları indiki Bakı İdman Sarayının yerindəki meydançada keçirirdik. Biri qapıçı olmaqla, altı futbolçu ilə oynayırdıq. Bakıətrafı ərazilərdən də komandalar qatılmışdı. Hətta bəzi oyunçular həmin turnirdən sonra “Neftçi”nin əvəzedici heyətinə dəvət olunmuşdular. O vaxt Bakıda və ətraf yerlərdə xeyli sayda kiçik meydançalar var idi və insanlar daha çox futbol oynayırdılar. Sonradan başqa respubliklarda da bu şəkildə oyunlar keçirildi”.
Mircavadov minifutbol yığmamızın dünya çempionu olmaq potensialını da dəyərləndirib: “Minifutbol üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək. Təşkilatçılığa görə Azərbaycan Minifutbol Federasiyasına təşəkkürümü bildirirəm. Minifutbol yığmamıza uğurlar arzulayıram, çempion ola bilərlər. Komandanın oyununu görmüşəm, xoşuma gəlir. Minifutbolu çox yaxşı oynayırıq”.
Qeyd edək ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” arasında “Legends Cup” mayın 19-da, saat 20:00-da Milli Gimnastika Arenasında start götürəcək. “Neftçi 2000-lər”ə Ağasəlim Mircavadov, “Premyer Liqa məşqçiləri” komandasına Kurban Berdıyev rəhbərlik edəcək.
İdman.biz