"Səbail"in kapitanı: "Adımıza ləkə düşdü, I Liqaya enməyə səbəbkar olduq"

Xəbərlər
12 May 2025 13:58
56
"Səbail"in kapitanı: "Adımıza ləkə düşdü, I Liqaya enməyə səbəbkar olduq"

"Səbail"in futbolçusu Yusif Nəbiyev komandanın Misli Premyer Liqasından aşağı dəstəyə düşməsinə münasibət bildirib.

İdman.biz xəbər verir ki, 27 yaşlı cinah müdafiəçisi bu barədə "Report"a açıqlama verib.

Kapitan məyus olduqlarını bildirib: "Vəziyyətimiz onsuz da çətinləşmişdi. Digər komandalarla xal fərqi artmışdı. Bu durumdan çıxmaq üçün özümüzə motivasiya verdik. Amma alınmadı, məyusuq. Belə olmasını istəməzdik. Bir futbolçu kimi adımıza da ləkə düşdü. Komandanın I Liqaya düşməsinə səbəbkar olduq. Vəziyyət yaxşı deyil. Söhbət tək futbolçulardan getmir. Orada çalışan işçilər, ailəsini saxlayan insanlar var idi".

Nəbiyev "dənizçilər"in Premyer Liqaya qayıdacağına ümid etdiyini söyləyib: "Hazırda bəzi məsələlər barədə məlumatım yoxdur. Komanda I Liqada çempionluq uğrunda mübarizə aparacaqmı? Bilmirəm. Ümid edirəm ki, elitaya qayıtmaq üçün oynayarlar və yenidən əsas çempionatda mübarizə apararlar. "Səbail" həqiqəqən yaxşı klubdur".

O, öz karyerası ilə bağlı qısa danışıb: "Hələlik hansısa fikrim yoxdur. Necə olacağını gözləyirəm. Başqa klub və müqavilə barədə düşünmürəm. Qarşıda iki matçımız var. Bu oyunlar bitdikdən sonra irəli baxacağıq".

Qeyd edək ki, "Səbail" 22 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Bakılılar sona iki tur qalmış doqquzuncu olan "Sumqayıt"dan 8 xal geri qalır.

İdman.biz