Gürcüstan futbolu sovet dövründən yetirmələri və uğurları ilə seçilib. İmperiyanın süqutundan sonra da, gürcü futbolçular dünyada tanındı.
Arveladze qardaşları, Georgi Kinkladze, Temuri Ketsbaya, Kaxa Kaladze, Levan Kobiaşvili kimi ulduzların adlarını eşitməyən futbol həvəskarları az olardı.
Amma bu "qızıl nəsil"dən sonra bir boşluq, durğunluq yarandı. Sanki, bu cür istedadlar diyarında futbol ölmüşdü. Nəhayət, Xviça Kvaratsxeliya, Jorj Mikautadze, Georgi Mamardaşvili nəsli yetişdi və Gürcüstan millisini tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə daşıdılar.
İdman.biz xəbər verir ki, Sports.az bu haqda əvvəllər Tbilisi "Dinamo"sunda və Gürcüstan U19 yığmasında çalışmış, hazırda qonşu ölkənin U-21 millisinə baş məşqçilik edən Ramaz Svanadzenin fikirlərini öyrənib:
"Mən gürcü futbolunun nə vaxtsa hamı tərəfindən unudulması fikri ilə razılaşa bilmirəm. Gürcülər həmişə yaxşı futbol oynayıblar. Hətta 1990-cı illərdən sonra və 21-ci əsrdə də ən yüksək səviyyədə çıxış edən oyunçularımız olub. Sadəcə, onların istər 90-cı illərdə, istərsə də sonrakı illərdə qazandıqları fərdi uğurları millinin nəticələrində əks olunmadı. Bununla belə, bu müddət ərzində böyük hədəflər uğrunda mübarizə aparmaq şansımız yarandı.
Ümumiyyətlə, nəsil dəyişmə prosesini fasilə və ya pauza adlandırmazdım. Həmişə gözə çarpan dövrlər olur - bu, təkcə Gürcüstanda deyil, istənilən başqa ölkədə futbolun bir hissəsidir.
Milli komandalar üçün yeni nəslin və yeni strukturun formalaşması Gürcüstan Futbol Federasiyası komandasının həyata keçirdiyi islahatların, gənclər futbolunda aparılan dəyişikliklərin, klub akademiyalarının inkişafının nəticəsidir. Sinxronlaşdırılmış yanaşma olmadan futbolda real irəliləyişlər etmək çətindir.
Milli komandanın strukturunda müəyyən edilmiş yeni standartlar milli komandanın inkişafına xeyli töhfə verdi. Texniki və maddi-texniki yeniləmələr, vahid oyun fəlsəfəsi, gənclər komandalarından böyük komandaya təkmil keçid prosesləri - bunlar yüksək səviyyəli rəqabət məqsədlərinə nail olmaq üçün zəruri ekosistemi quran addımlardan yalnız bir neçəsidir. Mən şəxsən bu prosesdə iştirak edirəm və öz təcrübəmə əsaslanaraq bu barədə danışa bilərəm.
Həmçinin, bu inkişafın arxasında son illərdə GFF tərəfindən həyata keçirilən bir neçə mühüm layihə dayanır. Məsələn, GFF-nin akademiya layihəsi, kütləvi futbolda təşəbbüslər və əhəmiyyətli artım, infrastruktur layihələri və futbolda sağlam mühitin yaradılması üçün vacib olan bir çox digər alt sektorlar".
İdman.biz