“Bütün həyatımızı futbola qoymuşuq”.
Bunu İdman.biz-ə açıqlamasında bu gün 48 yaşını qeyd edən Azərbaycan millisinin sabiq müdafiəçisi və yarımmüdafiəçisi Emin Quliyev deyib.
Veteran futbolçu doğum gününü ailəsi ilə qeyd edəcəyini bildirib.
Quliyev keçmiş günlərdən danışarkən, millidə oynadığı dövrü xüsusilə fərqləndirib: “Milli klub deyil, bütün xalqın komandasıdır. Ona görə də yığmada oynamaq qürurverici hisslər idi. Həmin dövrdən gözəl xatirələrimiz çoxdur”.
O, keçmiş komanda yoldaşlarından bəziləri ilə hələ də dostluq etdiyini bildirib: “Alim Qurbanov, Zaur İsmayılov, Zaur Ramazanov, Hüseyn Məhəmmədovla dostluq münasibətlərini davam etdiririk. Komanda yoldaşlarım arasında bu gün çox yaxın dost olduğum adamlar var”.
Veteran futbolçu hazırda işsizdir: ”B kateqoriyalı məşqçiyəm. Sonuncu iş yerim AFFA-nın elit məktəbi olub. 4-5 ildir ki, işsizəm. Buna baxmayaraq, futboldan uzaq düşməmişəm. Oyunları, çempionatı daim izləyirəm. Təkliflər gəlsə, dəyərləndirərəm”.
Qeyd edək ki, Emin Quliyev 2000-2008-ci illərdə Azərbaycan millisində 52 oyunda 3 qol vurub. Karyerasının böyük hissəsini "Xəzər Lənkəran"da keçirib, həmçinin qısa müddətdə Bolqarıstan ("Loveç") və Rusiyada ("Spartak-Alaniya") legioner həyatı yaşayıb. O, "Xəzər Lənkəranda" köməkçi məşqçi işləyib, bir müddət baş məşqçi vəzifəsini icra edib.
Aytac Sahəd
İdman.biz
