"Biz futbol günü anlayışını gətirməyə çalışırıq".
İdman.biz xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
O, futbolun bir sistem olaraq çalışmasını istədiyini bildirib: "Ekosistem dedikdə futbolun inkişafına aid olan bütün sistemlərin məcmusu nəzərdə tutulur. Futbol yalnız doxsan dəqiqə yox, daha uzun dövrü əhatə edən bir prosesdir. Bu prosesdə isə müxtəlif tərəflər iştirak edir. Məsələn, biz istərdik ki jurnalistlər I liqadan Premyer Liqaya gələcək komandaların futbolçuların həyat yolundan reportajlar hazırlasınlar. Onların necə bir həyatı olub, hansı çətinliklərdən keçiblər. Biz istəyirik ki, futbol ekosisteminin bütün tərəfləri bir sistem olaraq çalışsın".
O, legioner limitinin ləğvi haqqında da danışıb: "Biz legioner limitinin ləğvi ilə keyfiyyətin artırılmasını hədəfləmişik. Əgər yerli futbolçular rəqabətdə uduzacaqsa, biz milli komanda olaraq hansı uğurlara imza ata bilərik? İstərdik ki, millimiz mötəbər turnirlərin final mərhələsində çıxış etsin. İstənilən çətin yolda çətin qərarlar olur və nəticə üçün müəyyən zaman tələb olunur. Rəqabətli gənc komandanın qurulması çətindir, ancaq başqa seçimimiz yoxdur.
Qısa müddətdə daha ürəkaçan nəticələr qazanmaqla bağlı Fernandu Santuşla müzakirələrimiz olub. Ümid edirəm ki, iyun ayında keçiriləcək matçlarda müsbət nəticələr görəcəyik. Bundan savayı, biz təkcə nəticələrə yox, həm də onun gətirdiyi ab-havaya da diqqət etməliyik".
Rövşən Nəcəf həmçinin bildirib ki, klublar vəsaiti yalnız dövlətdən, AFFA-dan gözləməməlidirlər.
AFFA prezidenti "Barselona" klubunun Azərbaycanda futbol akademiyası açması barədə danışarkən AFFA-nın da bu prosesdə yaxından iştirak etdiyini vurğulayıb.
Aytac Sahəd
İdman.biz