"Araz-Naxçıvan"a qalib gəlsək də, oyunumuz ürəyimizcə olmadı".
İdman.biz xəbər verir ki, bu sözləri "Turan Tovuz"un müdafiəçisi Rüfət Əhmədov Sportal.az saytına açıqlamasında deyib.
O, komandasının Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini bildirib: "Qalib gəlməyimizə baxmayaraq, tam istədiyimiz oyunu göstərə bilmədik. Biz bir ailəyik. Kimdəsə alınmaya bilər, ona dəstək olub, yanında olmalıyıq. Oyunumuzun istədiyimiz kimi alınmaması isə bir nəfərə bağlı deyil. İkinci toplarda uduzurduq, buna görə də oyunumuz alınmırdı. Hər hada, qol vurduq və qələbə qazandıq. "Turan Tovuz" və "Araz-Naxçıvan" komandalarının qarşılaşmasında xırda məqam həlledici ola bilər. Rəqibin qırmızı vərəqə alması bizim üçün yaxşı oldu. Epizodlar əldə etdik. Qələbədə hamımızın payı var, oynayanın da, oynamayanın da".
Əhmədov "Turan Tovuz"un turnir cədvəlindəki mövqeyi ilə bağlı isə belə deyib: "Turnir cədvəlində bizdən yuxarıda olan komandaların hamısından xal almağı bacarmışıq. Bizdən aşağı pillələrdə yer alan komandalarla görüşlərdə isə sanki nəsə çatmır. Səbəbini bilmirik. Hər matça qələbə üçün çıxırıq, oyuna köklənirik. Alınmayanda, alınmır".
İdman.biz
