Portuqaliyalı baş məşqçi Ruben Amorim "Mançester Yunayted"ə keçdikdən sonra oyunöncəsi ilk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdman.biz xəbər verir ki, o, klubda necə qarşılanmasından, gələcək hədəflərindən danışıb.
Özümü evdəki hiss edirəm
- Bu klub gözlədiyinizdən də böyükdür. “Sportinq”dən fərqli, burada çoxlu müxtəlif departamentlər var. Bu, komanda ilə işləməkdən başqa görüləsi xeyli işin olduğu qlobal bir klubdur. Burada mənə çox kömək edirlər, çox xoşbəxtəm və özümü tam rahat, evdəki kimi hiss edirəm.
Bu, inqilab deyil
- Heç bir inqilab olmayacaq, çünki axı müdafiədə beş, dörd və ya üç oyunçu ilə futbol çox da fərqlənmir. Öz ideyalarımız, futbola öz baxışımız var və oyun tərzini dəyişəcəyik.
Doğru zamanda doğru yerdə oldum
- İstəyirsinizsə, mənə sadəlövh deyin, amma mən inanıram ki, doğru zamanda doğru yerdə olan doğru adamam. Yer kürəsi hələ öz oxu ətrafında fırlanacaq və günəş yenə doğacaq desəm, yəqin ki, yanılmaram, ona görə də bundan narahat deyiləm. Sadəcə, həqiqətən inanıram ki, bu iş üçün doğru adamam.
Mourinyonun sözləri
- Joze mənə mesaj göndərərək deyib ki, bu, gözəl insanların olduğu nəhəng klubdur. Bunun doğru olduğunu gördüm və klub o vaxtdan elə dediyi kimidir.
Joze ilə müqayisələr
- Mourinyoya oxşamıram, mən fərqliyəm. Yadımdadır, o, “Çelsi”yə keçəndə hamı ona baxır və hər titulu qazanmağa qadir olduğunu düşünürdü. O vaxtdan futbol dəyişib, amma mən hələ gəncəm və oyunçularımı yaxşı başa düşürəm, necə ki, Joze gəncləri - Lempard və digərlərini başa düşürdü. İndi hər şey fərqlidir, amma yenə də bu işə uyğun biri olduğuma əminəm.
Transfer məsələlərində rolu
- Futbolçuları seçəndə üzərimə böyük məsuliyyət düşəcək, çünki həm menecer, həm də baş məşqçiyəm. Lazım olan oyunçuları özüm seçməliyəm.
Ən azı iki il lazımdır
- Müqaviləm iki il yarım müddətinədir, son günlər bu barədə çox danışılıb. Düşünürəm, iki il ərzində mütləq başa düşəcəksiniz ki, axtardığınız məşqçini tapmısınız, ya yox. Müntəzəm olaraq çempionluq qazanan digər klublarla müqayisədə bizə daha çox vaxt lazım olacaq - onlar inkişafa çoxdan nail olublar. Qalib gəlirlər, buna görə də öz layihələrini təkmilləşdirmək və mükəmməlliyə çatdırmaq üçün vaxtları var. Ən yüksək səviyyəyə çatmaq üçün bizə iki il yarımdan çox vaxt lazım ola bilər. Biz hansısa titulu qazanmaq məcburiyyətindəyik, amma iki ildən sonra bu yolda davam edib-etməməyi görə biləcəksiniz.
İdman.biz