“Qarabağ”dan yayda gedənlər: Kim harada nə edir?

Xəbərlər
16 Noyabr 2024 11:55
115
“Qarabağ”dan yayda gedənlər: Kim harada nə edir?

Yayda “Qarabağ”ı tərk edən futbolçuların hərəsi bir ölkəyə üz tutdu.

Andrey Lunyovu şirin xatirələrlə yad edənlər tapılsa da, Emanuel Addaidənsə Hamidu Keytanın faydalı olduğunu düşünənlər də az deyil.

Futbolçu keyfiyyətlərini göstərməkdən çox, şirin zarafatlarla yadda qalan Luka Quqeşaşvili ilə vaxtilə 10 milyon avro dəyəri olan Adama Diakabi də “köhlən atlar”ın sabiqləridir.

Maksim Medvedev isə futbolçu karyerasını başa vuraraq məşqçilik fəaliyyətinə başlayıb.

Onlar indi haradadırlar? Komandaları üçün nə dərəcədə faydalı hesab olunurlar? Yeni klublarında əsas heyətdə yer alırlar?

Andrey Lunyov

3 illik fasilədən sonra vətəni Rusiyaya qayıdaraq Moskva “Dinamo”su ilə 2 illik sözləşmə imzalayan təcrübəli qapıçı komandasının Premyer Liqada keçirdiyi 15 oyunun 14-də “çərçivə”də yer alıb. Bir oyunda əvəzləndiyindən, 1249 dəqiqə meydanda olub. 4 matçda qapısının toxunulmazlığını qorusa da, digər 10 qarşılaşmada topu 16 dəfə tordan çıxarıb. Hazırda “Dinamo”nun “1 nömrə”si məhz Andreydir.

15 turdan sonra aktivində 30 xal olan paytaxt təmsilçisi 16 komanda arasında 4-cü pillədə yer alıb.

Hamidu Keyta

Cari mövsümə “Qarabağ”da başlayıb, sentyabrda ölkəmizi Türkiyəyə dəyişən fransalı cinah yarımmüdafiəçisi “Konyaspor”un uğurları üçün tər tökür.

Keyta buradan gedəndən sonra Super Liqada 1-i əsas heyətdə olmaqla, ümumilikdə 8 qarşılaşmada şans qazanıb. Cəmi 211 dəqiqə şans qazanmaqla “Trabzonspor”un qapısına vurduğu qolla yadda qalıb.

Türkiyə kubokunda isə 1 oyunda əsas heyətdə yer alıb.

12 turdan sonra aktivində 14 xal olan Konya təmsilçisi 19 komanda arasında 10-cu pillədə yer alıb.

Luka Quqeşaşvili

“Qarabağ”da yetərincə şans qazanmadığına görə yayda Azərbaycanı tərk edən Gürcüstan millisinin üzvünün Yunanıstandakı işləri yağ kimi gedir.

“Panserraikos”la 2 illik müqavilə bağlayan 25 yaşlı futbolçu komandasının əsas heyət üzvü hesab olunur. Luka çempionatdakı 11 oyunun hamısında start heyətində yer alıb və sona qədər oynayıb.

Cəmi 2 matçda qapısının toxunulmazlığını qoruyub, yerdə qalan 9 görüşdə 21 qol buraxıb.

Aktivində 10 xal olan “Panserraikos” 14 komanda arasında 10-cu pillədə yer alıb.

Adama Diakabi

“Qarabağ”ın yanlış transferlərinin siyahısına aid olan Diakabi Türkiyədə də çətin günlər yaşayır. İyulda Azərbaycan çempionunu I Liqa təmsilçisi “Bandırmaspor”a dəyişən sabiq “Monako”luya yeni komandasında da ehtiyat qüvvə kimi baxılır.

Çempionatda 12 oyunun 8-də adı iştirak ərizəsində salınsa da, bunların cəmi 2-də “11-lik”də görünüb. Ümumilikdə şans qazandığı 221 dəqiqə ərzində nə qol vurub, nə də məhsuldar ötürmə verib.

Super Liqaya vəsiqə qazanmağa əsas namizədlərdən sayılan “Bandırmaspor” 12 oyunda aktivinə yazdırdığı 24 xalla 20 komanda arasında 2-ci pillədə yer alıb (Sportinfo.az).

İdman.biz