“Oyunöncəsi son məşqin günün ilk yarısında keçirilməsində məqsəd futbolçuların matça qədər daha çox vaxtının qalmasıdır”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Portuqaliyalı mütəxəssis Millətlər Liqasının Estoniya ilə Qəbələdəki oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb. O, bugünkü məşqin günün ilk yarısında baş tutmasının səbəbini izah edib: “Komandamız çox yaxşı məşq edib, oyuna hazırlaşıb. Ona görə düşündük ki, qarşılaşmaya qədər hazır olmaq üçün 24 saat vaxtları olsun”.
Santuş yığmanın 4 oyunda xal qazana bilməməsinə şərh verib: “Oyunları təhlil edəndə çatışmazlıqlara baxırıq. Son iki matça nəzər salsaq, komanda yaxşı oynadı. Futbolçularımız inkişaf edirlər. Estoniya ilə səfər görüşündə komandamız yaxşı oyun nümayiş etdirdi. Hər şey qaydasında idi, amma qapımızdan gözlənilməz qollar buraxdıq və məğlub olduq. Amma etdiyimiz səhvləri görürük və üzərində işləyib aradan qaldırmağa çalışırıq. Slovakiya ilə qarşılaşmada da yaxşı oyun göstərirdi, lakin oyunçumuz qırmızı vərəqə aldığı üçün 10 nəfərlə qaldıq. Futbol belə balaca detallardan ibarətdir”.
Portuqaliyalı qarşıdakı görüşün hazırlığına da toxunub: “Oyunçularımız çox yaxşı məşq edib, çox istəklidirlər, motivasiyalıdırlar. Onlar əllərindən gələni edirlər ki, sabah müsbət nəticə qazanaq. Qarşımıza məqsəd qoyulub, oyundan-oyuna inkişaf edirik. İstədiyimiz yerlərə çatmaq üçün çalışırıq”.
Santuş müqaviləsi barədə də danışıb: “Mən bura 2028-ci ilə qədər çalışmaq üçün gəlmişəm. Məqsəd yaxşı heyət qurmaqdır. Elə şeylər əldə etmək istəyirik ki, Azərbaycan indiyədək buna nail olmayıb. 2027-ci ildə bütün bunları təhlil etmək olacaq”.
Mütəxəssis futbolçu seçiminə də toxunub: “Mən bütün oyunları izləyirəm. Bütün futbolçuları tanıyıram. Verdiyimiz qərarlar hansı oyunçunun gəlib bizə kömək edə bilməsindən asılıdır. Bütün futbolçularla bağlı qərarlar yalnız mənə aiddir və heç bir kənar amil buna təsir etmir. Qətiyyən mənə təsir etmir. Kimin kömək edəcəyini görürəmsə, yığmaya çağırıram”.
Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya matçı saat 18:00-da başlayacaq.
İdman.biz