Rəşad Sadıqov: "Zədələr planlarımızı alt-üst etdi"

Xəbərlər
10 Noyabr 2024 22:04
96
Rəşad Sadıqov: "Zədələr planlarımızı alt-üst etdi"

"İlk dəqiqədən özümüzü çətin vəziyyətə saldıq və hesabda geri düşdük. "Qarabağ" kimi komanda ilə 1-ci və ya 2-ci dəqiqədə qol buraxırsansa, oyunu sonradan dəyişmək çətindir. Deyə bilmərəm ki, futbolçularım çalışmadı. Onlar istəkli idi".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, Misli Premyer Liqasının 13-cü turunda "Qarabağ"a 0:4 hesablı məğlubiyyəti şərh edib: Buraxdığımız qollardan üçüncü standart vəziyyətdən oldu. Bu il standart vəziyyətlərdə problemlər yaşayırıq. Onunla bağlı da toplantılar, teoriyalar keçiririk, danışırıq. Amma hələ ki, bu məsələni çözə bilmirik. Avrokuboklardan başlayaraq, "Omoniya" ilə görüşdə altı qoldan beşini standart vəziyyətdən buraxdıq. "Osiyek"lə görüşdə də, "Şerif"lə matçda da həmçinin. Çempionatda 13 qoldan 9-nu standart vəziyyətdən buraxmışıq. Standart vəziyyətlərdə çox ciddi problemlər yaşayırıq. Bunlar bizi oyunlarda istədiyimiz nəticəni almaqda problem yaradır. Fasilə yaranıb, daha çox bunun üzərində çalışacağıq. Qarşıdakı matçlarda bu cür bəsit səhvlərə yol verməməyə çalışacağıq".

Rəşad Sadıqov müdafiəçi Qismət Alıyevin zədələnməsinin planlara təsir etdiyini bildirib: "Qismətin zədələnməsi, Məqsədin sarı vərəqə aldıqdan sonra bir neçə epizodda cərimə etməsi... "Qarabağ" kimi komanda ilə oyunda birinci hissədə iki cinah müdafiəçisini çıxardıq. Zirədə 1:3 uduzanda yenə birinci hissədə iki müdafiəçini dəyişmişdik. Halbuki ikinci hissədə hücumla bağlı planlarımız var idi. Zədələrə görə dəyişikliklər hamısını alt-üst etdi. Ona görə də məcburiyyətdən müdafiədə dəyişikliklər edirdik. Zədələrin ciddi olub-olmadığını qarşıdakı günlərdə biləcəyik. Hətta İldar Alekperov da dəyişiklik istəyirdi. Sadəcə dəyişiklik haqqımız yox idi deyə, ağrıya-ağrıya axıra qədər oynadı".

Qeyd edək ki, "Zirə" ardıcıl ikinci oyunda uduzub.

İdman.biz