Ramin Musayev: “Səhlənkarlıq “Sabah” üçün dərs olmalıdır”

Xəbərlər
2 Avqust 2024 15:22
519
Ramin Musayev: “Səhlənkarlıq “Sabah” üçün dərs olmalıdır”

“Sabah" meydana arxayın çıxmışdı”.

Bunu İdman.bizə PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində “Makkabi” ilə cavab matçını dəyərləndirib. Musayevin sözlərinə görə, komandanın özünə çox güvənməsi pis nəticələnə bilərdi: “Təbii ki, sonda “Sabah” qələbə qazanaraq, növbəti mərhələyə yüksəldi. Amma hər şey daha fərqli ola bilərdi. Xoşbəxtlikdən penaltilər seriyasında şansımız gətirdi. Komandanın qələbəsinin 90 faizi Yusif İmanovun sayəsində oldu. Qapıçının əzimkar mübarizəsi təmsilçimizə çox şey qazandırdı. Səhlənkarlıq “Sabah” üçün dərs olmalıdır. Futbolçular bilməlidilər ki, matçın son dəqiqəsinə kimi vuruşmaq lazımdır. "Sabah"ın futbolçuları 1 top fərqini aradan qaldıra bilsələr də, artıq hesab 2-yə yüksələndə ayıldılar ki, uçuruma gedirlər. Təbii ki, komandada müəyyən çatışmazlıqlar var. Mən yerli məşqçinin tərəfdarıyam. Çoxlu xərc çəkib xaricdən gətirilən məşqçilərin Azərbaycan futbolu üçün hansısa fayda verdiyini görməmişəm. Bu, şəxsi fikrimdir. Xarici məşqçinin ölkəmizdə yerli mütəxəssislərimizidən artıq iş gördüyünün şahidi olmamışam. Ona görə də komandadakı problemlər bilavasitə bununla əlaqədardır. Məşqçi futbolçuya valideyn olmalıdır. Futbolçu qorxa-qorxa oynayırsa, heç nə alınmayacaq. Çoxları Kaxaber Tsxadadzeni və ya Roman Qriqorçuku təriflədiyimi düşünəcək. Ancaq bu belə deyil. Onları çıxmaq şərti ilə nə milli komandamızda, nə də yerli klublarda töhfə verən məşqçi olmayıb”.

O, həmçinin “Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Sent Patriks”lə (İrlandiya) dueli də dəyərləndirib: “Fikrimcə, o qədər də güclü klub deyil. Əgər “Sabah” səhvindən dərs çıxarıb daha da yaxşı oynasa bu rəqib üzərində qələbə qazana bilər. Yəni keçilməyəcək klub deyil. Yalnız yaxşı mübarizə aparmaq lazımdır”.

Qeyd edək ki, səfərdə 3:0 hesabı ilə qalib gələn “Sabah” doğma azarkeşləri qarşısında 3:6 hesabı ilə uduzub. Yekunda təmsilçimiz penalti zərbələri seriyasında daha dəqiq olaraq, mərhələ adlayıb.

Banuçiçək Hüseynli
İdman.biz