Manə Mollayeva: “İsveçrə gözlədiyimdən daha güclü oynadı” - MÜSAHİBƏ

Müsahibə
10 Aprel 2024 16:10
Manə Mollayeva: “İsveçrə gözlədiyimdən daha güclü oynadı” - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Manə Mollayevanın İdman.bizə müsahibəsi

- Avropa çempionatının seçmə mərhələsinin II turunda evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olduz. Görüşü necə şərh edərdiz?

- Rəqibin gücünə bələd idik. Onlar həm qrup lideri, həm də Avropa çempionatına ev sahibliyi edən bir yığmadır. Elə ilk dəqiqələrdən qapımızda təhlükəli anlar yaratmağa başladılar. Bunun da bəhrəsini gördülər.

- Böyükhesablı məğlubiyyəti nə ilə əlaqələndirərdiz?

- Bacardığımızı etdik. Oyunun gedişini dəyişmək üçün mübarizə apardıq. Lakin rəqibin çox yaxşı futbolçuları var. Buna görə də oyun alınmadı. Növbəti matçlara daha yaxşı hazırlaşmalıyıq.

- Rəqibin gücünə əvvəldən bələd deyildiz ki?

- ⁠Düzünü deyim, isveçrəlilər gözlədiyimdən daha güclü oynadı. Həqiqətən belə hesab gözləmirdim. Amma bu oyun təcrübə baxımından əla şans oldu. Belə rəqiblərlə mübarizədə səhvlər daha yaxşı görünür. Növbəti oyunlara da daha yaxşı hazırlaşa bilirik.

- Macarıstanla qollu heç-heçədən sonra isveçrəlilərə də “diş göstərəcəyiniz” gözlənilirdi. Bu 2 yığma arasındakı səviyyə fərqi çoxdur?

- ⁠Bəli. Macarıstan daha çox səhvə yol verirdi, nəinki İsveçrə. Onlar daha yaxşı ötürmələr edib, vəziyyətdən ustalıqla çıxırdılar. Bu iki yığma arasında böyük bir fərq var.

- ⁠Növbəti qarşılaşmasınız Türkiyə yığması ilə olacaq. Bu matçdan gözləntiniz nədir?

- ⁠Düşünürəm ki, “ay-ulduzlular”a qarşı hər iki oyun çox çətin keçəcək. Bir gün öncə onlar Macarıstanı 2:1 hesabı ilə məğlub edib. Çox yaxşı oyun sərgiləyirlər. Bu səbəbdən də bizi onlarla çox maraqlı və gərgin qarşılaşma gözləyir. Amma komandama inanıram. Biz həmişə meydanda vuruşuruq və mübarizə aparırıq. Daim maksimum xal üçün matçlara çıxırıq. İnanıram ki, bu oyunlardan istəyimiz kimi xal ala biləcəyik.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: