Millinin kapitanı: “Xala ümid etmirdik, xal üçün oynayırdıq” – MÜSAHİBƏ

Xəbərlər
6 Aprel 2024 10:00
Millinin kapitanı: “Xala ümid etmirdik, xal üçün oynayırdıq” – MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadənin İdman.biz saytına müsahibəsi

- AVRO-2025-in seçmə mərhələsinin ilk oyununda Macarıstanla 1:1 hesablı heç-heçə etdiz. Qarşılaşmanı necə dəyərləndirərdiz?

- Oyun çox ağır keçdi. Bunun belə olacağını bilirdik. Çünki biz B liqasına yeni yüksəlmişik. Burda asan rəqib yoxdur. Qrup baxdıqda da görmək mümkündür. Mənə görə C liqası da zəif deyil. Çünki qadın futbolu dünyanın hər yerində inkişaf edib.

- Müdafiə futbolu oynayıb 1 xala ümid edirdiz, yoxsa rəqib oynamağa imkan vermədi?

- Sırf müdafiədə “oturmamışdıq”. Sadəcə baş məşqçimiz tərəfindən tapşırılan oyun planı vardı. Səbirli olub ona riayət etməli idik. Xala ümid etmirdik, xal üçün oynayırdıq. Rəqib isə təbii ki, çox güclü idi.

- Qazanılan 1 xalı qənaətbəxş sayırsız?

- Bəli. B liqası, ilk oyun və heç tanış olmayan bir rəqib... Heyətində də çox usta və top komandalarda oynayan futbolçular var idi. Niyə də qənaətbəxş olmasın? Komandamız bu 1 xal üçün bəzən zərbənin qarşısına özünü sipər edirdi.

- Öz oyununuzu necə şərh edərdiz?

- Komandam üçün təkcə meydanda deyil, lazım gəlirsə meydandan kənarda da mübarizə aparıram. Düşünürəm ki, yaxşı oynadım. Bəzən oyunum alınmaya bilir, amma həmişə komanda üçün 200 faiz motivasiya ilə döyüşkən ruhda, əzmdə çalışıram. Macarlara qarşı belə idi. Bilirəm ki, komandam mənə çox güvənir, eləcə də, mən onlara. Yığmada hər birimiz vəzifəsindən asılı olmayaraq mübarizdir.

- Startda güclü rəqiblə heç-heçə qarşıdakı görüşlər üçün əlavə stimul ola bilər?

- Belə rəqibdən xal almaq hər zaman bizdə yaxşı hisslər yaradır.

- Növbəti matçda İsveçrəyə qarşı oyundan nə gözləyirsən?

- Adından görünür ki, necə güclü komandadır. Bizi heç də asan olmayan daha bir oyun gözləyir. Bərpa üçün 2 gün vaxtımız var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik və döyüşəcəyik.

Emin Ağa
İdman.biz

Məqalədə: