“Vur Cup”un püşkatması keçirilib - FOTO - VİDEO

Xəbərlər
15 Mart 2024 18:07
298
“Vur Cup”un püşkatması keçirilib - FOTO - VİDEO

AFFA və AMF-in təşkilatçılığı ilə keçiriləcək “Vur Cup”da U-19 liqasının püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə 16 komanda 4 qrupa bölünüb.

Püşkə əsasən “Ada Black Rose”, UNEC, “Glodemia”, “BMS Goats” A, “Roof Academy FC”, “ABC Lions”, “Vikings”, “Xarı bülbül” B, “MYC Wamers”, “Landau Lions”, “Grand FC”, “Kuley City” C və “134 Warmers”, “Elitar”, “Rage FC” və “Chudori” D qrupunda mübarizə aparacaq.

“Vikings”in kapitanı Yusif Hacıyev əməkdaşımızla söhbətində püşkü dəyərləndirib. O bildirib ki, əsas hədəfləri çempion olmaqdır: “Məncə, bizə uyğun qrup düşdü. Bu turnirə çoxdan hazırlaşırıq. Bütün rəqiblər təhlükəlidir. “ABC Lions” ötən ilin qalibi, “Xarı bülbül” isə finalçısıdır”.

Onun sözlərinə görə, daha yaxşı mübarizə üçün hər gün oyunlar keçirirlər: “Yarışın startına 20-25 gün vaxt var. Düzgün hazırlaşsaq, istəyimizə çata bilərik. Birinci hədəfimiz qrupdan çıxmaqdır. Sonra yaxşı nəticələr göstərmək və finala yüksəlib çempion olmaqdır”.

“Vur Cup” aprelin 6-da start götürəcək. Hər qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala adlayacaq. Pley-off görüşləri 2 qarşılaşmadan ibarət olacaq. Turnirin finalı isə iyunun 9-da keçiriləcək.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd gəncləri sağlam həyat tərzinə cəlb etmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam mühit və sağlam gələcək adına onlar arasında idmanın təbliğini artırmaqdır.

Emin Ağa
İdman.biz

Məqalədə: