“Çətin oyun olacağını gözləyirdik. Azərbaycan azarkeşlərinin qarşısında oynadıq. Bizim üçün əsas hədəf qələbə qazanmaq idi. Şükürlər olsun ki, buna nail olduq. İstəyirik ki, qələbələrimizi ardıcıl davam etdirək”.
Bu sözləri “Neftçi”nin futbolçusu Rüfət Abbasov Misli Premyer Liqasının 13-cü turunda evdə “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Oyun zamanı Eren Aydının dirsəyi səhv etmirəmsə, çənənizə dəydi. Həmin epizod barədə nə deyə bilərsiniz?
– Bəli, oyun epizodu idi. Elvin dirsəyi ilə çənəmə zərbə endirdi. Məncə, həmin epizoda görə qırmızı vərəqə verilməli idi. Amma hakimin qərarı belə oldu, nə deyim…
– Komandanızın qarşısına mövsüm üçün hansı hədəflər qoyulub?
– Hər oyuna qələbə üçün çıxırıq. Bildiyiniz kimi, klubumuzun 90 illiyidir və çempion olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyimizə söz verirəm. Azarkeşlərimizə də təşəkkür edirəm ki, oyunlara gəlib bizi dəstəkləyirlər. Onların hər zaman yanımızda olmasını istəyirik.
– Oyun ümumilikdə gərgin keçdi. Xüsusilə də sonlara yaxın meydanda insident yaşandı. Həmin vaxt nə baş verdi?
– Deyəsən, gərginlik daha da artdı. Dəqiq bilmirəm, çünki uzaqda idim. Amma bu, futboldur, belə hallar normaldır. Ümumiyyətlə, qarşılaşma həqiqətən gərgin keçdi.
– Qarşıdakı oyunlarda da eyni əzmkarlığı və qələbə istəyini qorumaq mümkün olacaq?
– Yenə deyirəm, hər oyuna fərqli yanaşırıq, amma məqsədimiz dəyişmir. Meydana yalnız qələbə qazanmaq üçün çıxırıq.
– Komandanız hazırda turnir cədvəlində liderdir. Qarşıda güclü rəqiblər də var. Çempionluq uğrunda mübarizədə əsas hədəfiniz birinci yeri qorumaqdır, yoxsa digər pillələr də sizi qane edə bilər?
– Yalnız birinci yeri düşünürük. İkinci və ya üçüncü yer haqqında fikirləşmirik.
– Deməli, məqsəd sırf çempionluqdur?
– Bəli, sırf çempionluq.
– Millətlər Liqasında Azərbaycan millisinin B Liqasına yüksəlmək şansı ilə bağlı futbolçular arasında fərqli fikirlər səsləndirilib. Baş məşqçi Ayxan Abbasov sizə bu ehtimal barədə məlumat vermişdimi?
– Bəli, vermişdi. Səhv etmirəmsə, Litva ilə səfər oyunundan sonra da mediada paylaşılmışdı ki, 2028-ci ildə pley-off vasitəsilə yüksəlmək şansımız var. Baş məşqçi iclaslarda da bunu həmişə qeyd edirdi. Lixtenşteynlə oyunda da çox qol vurmaq istəyirdik. Amma futboldur, nəticədə 1:0 hesabı ilə qalib gəldik.
