“Kəpəz” və “Qarabağ” komandaları arasında keçiriləcək Misli Premyer Liqasının 12-ci turunun oyunu ilə əlaqədar noyabrın 22-də Gəncədə ictimai nəqliyyatın fəaliyyəti gücləndiriləcək.
İdman.Biz xəbər verir ki, qarşılaşmanı 15 mindən çox azarkeşin stadiondan izləyəcəyi gözlənilir.
Bu səbəbdən “Kəpəz” klubunun rəhbərliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinə müraciət edib.
İdarənin qərarına əsasən, noyabrın 22-də saat 15:00-dan etibarən Gəncə şəhər stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərində avtobusların hərəkət intensivliyi artırılacaq, əlavə nəqliyyat vasitələri xəttə buraxılacaq.
Azarkeşlərin qarşılaşmadan sonra evlərinə rahat qayıtmalarını təmin etmək məqsədilə gücləndirilmiş iş rejimi həmin gün saat 20:00-dək davam edəcək.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” qarşılaşması noyabrın 22-də saat 17:00-da başlayacaq. Oyuna maraq həddən artıq böyükdür. Artıq dünəndən etibarən “Kəpəz” - “Qarabağ” matçına bütün biletlər satılıb.
