Messinin anası Niko Pası oğlunun varisi adlandırıb

19 Noyabr 2026 11:24
38
Messinin anası Niko Pası oğlunun varisi adlandırıb

Niko Pas hazırda Argentina millisinin diqqət çəkən futbolçularından biridir. İtaliyanın “Komo” klubunda möhkəmlənən və milli komandada getdikcə daha böyük rol oynayan 22 yaşlı yarımmüdafiəçi ailəsindən gələn maraqlı açıqlamadan sonra gündəmə gəlib. Belə ki, Lionel Messinin anası Seliya Mariya Kuççittini gənc futbolçuya simvolik məna daşıyan bir ifadə işlədib.

İdman.Biz xəbər verir ki, bu barədə Niko Pasın əmisi Fabian Pas “La Red” radiosuna müsahibəsində danışıb.

Onun sözlərinə görə, hadisə oktyabrın 6-da “Monumental” stadionunda Argentina və Benin yığmaları arasında keçirilən, Lionel Messinin milli komanda forması ilə vida matçı hesab olunan qarşılaşmadan sonra baş verib.

Həmin gün emosional anlar yaşayan Messi paltardəyişmə otağından çıxarkən Niko Pas onun anası Seliya Kuççittini ilə qarşılaşıb. Qadın oğlunun Argentina millisindəki çıxışının başa çatmasına görə göz yaşlarını saxlaya bilməyib.

“Onlar bir-birini tanıdıqları üçün Niko onunla salamlaşmağa gedib. Messinin anası isə onun əlindən tutaraq deyib: “Sən mənim oğlumun varisisən”, - deyə Fabian Pas bildirib.

O, qardaşı oğlunun bu sözlərə reaksiyasından da danışıb:

“Mən avtomobildə onu gözləyirdim. Niko çıxanda şokda idi. Mənə dedi: “Başıma gələnlərə inana bilmirəm”.

Fabian Pas qardaşı oğlunun Messi ilə müqayisə olunmaqdan uzaq durduğunu da vurğulayıb.

“Niko çox sakit və sadə insandır. Onun fikrində Messinin varisi olmaq kimi bir düşüncə yoxdur. Onun üçün Messini tanımaq və onunla eyni meydanda oynamaq ən böyük xoşbəxtlik idi. Bu, artıq onun üçün zirvəyə çatmaq deməkdir”, – deyə futbolçunun əmisi qeyd edib.

O əlavə edib ki, Tenerifedə böyüyən və karyerasının böyük hissəsini Argentinadan kənarda keçirən Niko ölkəsində gənc istedadların üzərindəki təzyiqi o qədər də hiss etmir. Futbolçu hələ də Argentinada bu idmana göstərilən böyük marağa təəccüblənir.

Qeyd edək ki, Niko Pas Argentina millisinin Kosta-Rika üzərində 7:0 hesablı qələbə qazandığı oyunda dubl edib. O, texnikası, meydanı görmək bacarığı və hücum potensialı ilə baş məşqçi Lionel Skaloni üçün komandanın əsas ümidlərindən birinə çevrilib.

İdman.Biz