“Heç şübhəsiz ki, “Sabah”ın qələbə qazanmaq şansı az deyil. Amma “Vikinq” də çox güclü və hücumameyilli futbol oynayan komandadır”.
Bu sözləri Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Norveç “Vikinq”inə qarşı keçirəcəyi oyun haqqında danışarkən deyib.
Mütəxəssis Bakı təmsilçisinin şanslarını dəyərləndirib.
“Norveç klubu həm evdə, həm də səfərdə qol vurmağı bacaran, hücumameyilli və rəqibə ciddi təzyiq göstərən komandadır. Bu baxımdan, “Sabah”ı kifayət qədər çətin qarşılaşma gözləyir. Valdas Dambrauskasın yetirmələri rəqibin hücumlarının qarşısını almaqla yanaşı, özü də qol imkanlarından maksimum yararlanmalıdır”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Həsənzadə “Sabah”ın növbəti mərhələyə yüksəlmək ehtimalını aşağı qiymətləndirib:
“Komandamızın nəzəri baxımdan növbəti mərhələyə yüksəlmək şansı var. Ancaq praktik yanaşsaq, bu ehtimalı çox aşağı qiymətləndirirəm. Çünki rəqiblər kifayət qədər güclü, Avropa futbolunda böyük təcrübəyə malik klublardır. Belə komandalarla mübarizə aparmaq mümkündür, amma onlara qarşı müsbət nəticə qazanmaq çox çətindir.
Bununla belə, ümidimizi itirməməliyik. Meydanda mübarizə aparan, sona qədər təslim olmayan komanda görmək istəyirik. Düşünürəm ki, Bakı təmsilçisi bunu meydanda göstərəcək”.
Qeyd edək ki, “Vikinq” - “Sabah” oyunu noyabrın 4-də Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
