Mbappe Çində böyük qalmaqal yaratdı: üç şirkət ondan imtina etdi

27 Oktyabr 2026 11:37
102
Mbappe Çində böyük qalmaqal yaratdı: üç şirkət ondan imtina etdi

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe Çində ciddi qalmaqalın mərkəzinə düşüb. Fransalı ulduzun internetdə yayılan açıqlamasından sonra ölkənin üç böyük şirkəti onunla əməkdaşlığı dayandırıb.

İdman.Biz “Associated Press” agentliyinə istinadən xəbər verir ki, enerji içkiləri istehsalçısı “Dongpeng”, süd məhsulları istehsalçısı “Mengniu” və pendir istehsalçısı “Milkground” oktyabrın 27-də Mbappe ilə reklam müqavilələrinə xitam verdiklərini açıqlayıblar.

Qalmaqala futbolçunun internetdə ən çox bəyəndiyi mem haqqında danışdığı video səbəb olub. Mbappe həmin görüntüdə üzünün çinli siyasi liderin bədəninə yerləşdirildiyi şəkli xatırladıb və həmin şəxsi “Çin diktatoru” adlandırıb.

Söhbətin Çinin keçmiş lideri Mao Tszedundan getdiyi bildirilir.

“Dongpeng” şirkəti yaydığı bəyanatda milli hissləri təhqir edən istənilən davranışa qarşı sıfır tolerantlıq nümayiş etdirdiyini və futbolçu ilə bütün əməkdaşlığı dərhal dayandırdığını açıqlayıb.

“Mengniu” və “Milkground” şirkətləri də oxşar qərarlar qəbul ediblər. Bununla belə, şirkətlər bəyanatlarında müqavilələrin ləğvinə səbəb olan konkret açıqlamanı göstərməyiblər.

Hadisə Çinin sosial şəbəkələrində geniş müzakirələrə yol açıb. “Weibo” platformasında Mbappe ilə əməkdaşlığın dayandırılması barədə paylaşımlar ən çox müzakirə olunan mövzular sırasına yüksəlib. Bəzi istifadəçilər futbolçunun reklam olunduğu məhsulların boykot edilməsinə çağırıblar.

İdman.Biz