“Borussiya”nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu - ÖZƏL AÇIQLAMA

21 Oktyabr 2026 12:03
155
“Borussiya”nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu - ÖZƏL AÇIQLAMA

Dortmundun “Borussiya” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Sabah”la keçirilən oyundan (2:1) sonra futbolçularının Bakı Olimpiya Stadionundakı (BOS) duşlardan istifadə etməməsinin səbəbi məlum olub.

İdman.Biz Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, “Borussiya” rəhbərliyi stadionun su təchizatı sistemində legionella bakteriyalarının ola biləcəyindən narahatlıq keçirib. Bu bakteriyalar insanlarda təhlükəli yoluxucu xəstəliklərə səbəb ola bilər.

Nəşrin məlumatına görə, alman klubu futbolçularının sağlamlığını riskə atmamaq üçün duşlardan istifadə etməmək qərarına gəlib. Legionella bakteriyaları, xüsusilə borularda suyun uzun müddət durğun qalması nəticəsində su sistemlərində çoxala bilər. İnsanlar duş qəbul edərkən havaya yayılan çirklənmiş su damcılarını nəfəsə çəkdikdə bu bakteriyalara yoluxa bilərlər.

Bununla belə, “Bild” Bakı Olimpiya Stadionunda legionella bakteriyalarının mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etməyib. Beləliklə, söhbət stadionun suyunda bakteriyaların aşkar edilməsindən deyil, alman klubunun ehtimal olunan təhlükə ilə bağlı narahatlığından gedir.

Məlumata görə, “Borussiya” futbolçuların oyundan sonra duş qəbul etməsi və bərpa prosedurlarından keçməsi üçün oteldəki spa zonasını da əvvəlcədən bron edib.

Xatırladaq ki, oyundan sonra alman komandasının baş məşqçisi Niko Kovaç futbolçulara stadionun duşlarından istifadə etməməyi tövsiyə etdiklərini bildirmişdi. Eyni qərar komandanın oyundan əvvəlki məşqindən sonra da qəbul olunmuşdu. Klubun idman direktoru Ole Buk isə oteldəki duşların daha cəlbedici göründüyünü söyləmişdi.

Bakı Olimpiya Stadionunun ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin rəhbəri Firuz Abdulla isə İdman.Biz-ə açıqlamasında su təchizatı və duş otaqlarının vəziyyəti ilə bağlı hər hansı problemin olduğu iddialarını təkzib edib.

“Stadionda su təchizatı ilə bağlı heç bir problem yoxdur. Həm isti, həm də soyuq su var, duş otaqları da işlək vəziyyətdədir. Komandalarımız məşq və oyunlardan sonra bu otaqlardan istifadə edirlər. Problemlə bağlı məlumatın haradan qaynaqlandığını anlamıram. Texniki məsələləri dəqiqləşdirmişəm, heç bir problem yoxdur”, - deyə Abdulla bildirib.

BOS rəsmisi diqqətə çatdırıb ki, cəmi bir həftə əvvəl - oktyabrın 13-də həmin stadionda Bakı təmsilçisi “Sabah”la Praqa “Slaviyası” arasında Çempionlar Liqasının oyunu keçirilib. Həmin qarşılaşmada “Sabah” 2:0 hesabı ilə qələbə qazanıb. Firuz Abdullanın sözlərinə görə, o zaman duş otaqlarının vəziyyəti ilə bağlı heç bir narahatlıq yaranmayıb və qeyd olunan bakteriyalara yoluxma halı da qeydə alınmayıb.

“Bir daha vurğulamaq istəyirəm ki, Bakı Olimpiya Stadionu hər il beynəlxalq standartlara uyğunluq baxımından sanitariya yoxlamalarından keçir. Bu il də belə bir yoxlama aparılıb və nəticədə stadion müvafiq sertifikat alıb”, - deyə Abdulla əlavə edib.

Beləliklə, Bakı Olimpiya Stadionunun su təchizatı sistemində legionella bakteriyalarının olması ilə bağlı iddialar təsdiqlənməyib. Stadion rəhbərliyi su təchizatında problem olmadığını, duş otaqlarının işlək vəziyyətdə olduğunu və arenanın zəruri sanitariya yoxlamalarından keçdiyini bildirir.

İdman.Biz