“Sabah”ın iki futbolçusu Çempionlar Liqasında ilk üçlükdə yer alıb

21 Oktyabr 2026 10:36
123
“Sabah”ın iki futbolçusu Çempionlar Liqasında ilk üçlükdə yer alıb

Azərbaycanın “Sabah” klubunun iki futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində üç turdan sonra ayrı-ayrı statistik göstəricilər üzrə liderlər sırasında qərarlaşıb.

İdman.Biz xəbər verir ki, UEFA-nın rəsmi statistikasına əsasən, Bakı təmsilçisinin qapıçısı Stas Pokatilov seyvlərin sayına görə ikinci, müdafiəçi Akim Zedadka isə topa sahibliyin bərpası göstəricisi üzrə üçüncü yeri tutur.

Pokatilov üç qarşılaşmada 18 seyvlə yadda qalıb. Bu göstəricidə onu yalnız Bratislava “Slovan”ının qapıçısı Dominik Takaç qabaqlayır. Slovakiyalı qolkiperin hesabında 20 seyv var.

Dortmund “Borussiya”sına qarşı son oyunda Pokatilov yeddi dəfə komandasını qoldan xilas edib. Bununla belə, “Sabah” həmin görüşdə 1:2 hesabı ilə məğlub olub.

Komandanın digər futbolçusu Akim Zedadka isə topa sahibliyin bərpası üzrə 22 göstərici ilə üçüncü pillədə qərarlaşıb.

Onu yalnız Dortmund “Borussiya”sının müdafiəçisi Valdemar Anton (25) və “Vilyarreal”ın futbolçusu Santyaqo Mourinyo (23) qabaqlayırlar.

Maraqlıdır ki, “Sabah” komanda statistikası üzrə də ön sıralardadır. Bakı klubu 46 uğurlu topalma ilə Çempionlar Liqasında dördüncü yeri bölüşür.

Bu rəqəmlər Azərbaycan təmsilçisinin turnirin ilk üç turunda müdafiədə böyük həcmdə iş gördüyünü göstərir.

İdman.Biz