“Bu, klubumuz və bizim üçün xüsusi gündür”.
Bu sözləri “Sabah”ın futbolçusu Timoteuş Puxaç deyib.
Polşalı cinah müdafiəçisi Bakıda “Slaviya” üzərində qazanılan UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci tur matçından sonra fikirlərini bölüşüb.
27 yaşlı futbolçu komandasının turnirdə ilk qələbəsini belə şərh edib.
“Turnirdə ilk qolumuzu vurduq və qələbə qazandıq. Burada olmaq mənim üçün böyük şərəfdir. Komandam və məşqçilər heyəti ilə fəxr edirəm. Rəqib yaxşı komandadır. “Slaviya”nı bütün dünya tanıyır və onlara hörmətlə yanaşırıq. Amma biz də bu turnirə rəqabətədavamlı olduğumuzu göstərmək üçün gəlmişik. Düşünürəm ki, bu gün qələbəyə layiq idik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Puxaç məşqçilər heyətinin “Slaviya”nı yaxşı təhlil etdiyini və komandanın müdafiədə nə etməli olduğunu dəqiq bildiyini vurğulayıb:
“Müdafiədə nə etməli olduğumuzu dəqiq bilirdik. Qapıçımızın etdiyi bəzi seyvlər də möhtəşəm idi. Amma komanda şəklində müdafiədə yaxşı oynadıq. Etiraf edək ki, “Barselona” və “Borussiya” (Dortmund) ilə qarşılaşmaq “Slaviya” ilə oynamaqdan tamam fərqlidir. Qarşıdakı matçlarda nələrin baş verəcəyini görəcəyik.
“Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmuşduq. Amma bu hesabla məğlub olmağımıza baxmayaraq, oyunda rəqabətdən kənar qaldığımızı düşünmürəm. “Slaviya” ilə görüşdə də rəqabətədavamlı komanda olduğumuzu sübut etdik. Düşünürəm ki, Bakıya gələn istənilən rəqib bizə hörmətlə yanaşmalıdır”.
Qeyd edək ki, “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib. Klub UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Barselona”, “Borussiya” (Dortmund) və “Napoli” ilə də qarşılaşacaq.
