“Slaviya”nın baş məşqçisi və futbolçuları Bakıda azarkeşləri qarşısında diz çökdülər - İDMAN.BİZ-in İCMALI - FOTO

14 Oktyabr 2026 12:45
126
“Slaviya”nın baş məşqçisi və futbolçuları Bakıda azarkeşləri qarşısında diz çökdülər - İDMAN.BİZ-in İCMALI

Praqanın “Slaviya” futbol klubunun baş məşqçisi Yindrjix Trpişovski və futbolçular Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqdan sonra azarkeşləri qarşısında diz çöküblər.

İdman.Biz xəbər verir ki, bu barədə Çexiyanın "Seznam Zpravy" nəşri məlumat yayıb. Qeyri-adi hadisə Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma başa çatdıqdan sonra baş verib.

Baş məşqçi və futbolçular Çexiyadan sevimli komandalarına dəstək olmaq üçün uzun yol qət edən azarkeşlərə təşəkkür etmək məqsədilə qonaq komandanın azarkeşlər üçün ayrılmış sektorunun qarşısında diz çöküblər. Qeyd edək ki, bu jest “Slaviya”nın azarkeşlərinə minnətdarlığını bildirmək üçün ənənəvi üsuludur.

Bununla belə, çexiyalı azarkeşlərin bir qismi üçün axşam xoşagəlməz hadisə ilə başlayıb. "iSport" nəşrinin məlumatına görə, “Slaviya”nın təxminən 200 azarkeşi Bakı Olimpiya Stadionuna daxil olarkən problemlə üzləşib. Təhlükəsizlik sistemi onların biletlərini etibarsız hesab edib. Nəticədə vəziyyətə klubun azarkeşlərlə iş üzrə nümayəndəsi müdaxilə etməli olub.

Yaranmış çətinliklərin biletlərin satış qaydasındakı dəyişikliklərlə əlaqəli olması istisna edilmir. Belə ki, “Slaviya” daha əvvəl qonaq azarkeşlər üçün nəzərdə tutulan sektordakı biletlərin qiymətinin 30 avrodan 7,5 avroya endirilməsinə nail olub. Bununla əlaqədar klub əvvəllər alınmış vauçerləri ləğv edib, vəsaitin geri qaytarılacağını açıqlayıb və biletlərin yeni qiymətlə satışını təşkil edib.

Bakıda qeydə alınan məğlubiyyət Çexiyada kəskin reaksiyaya səbəb olub. "iSport nəşri" nəticəni uğursuzluq adlandıraraq daxili çempionatda inamlı çıxış edən komandanın Avropa arenasında yenidən aciz təsir bağışladığını vurğulayıb.

"Ruik" nəşri isə daha sərt mövqe sərgiləyib. Portal “Avropada bizə gülürlər! Cəmi doqquz yaşı olan komandaya uduzduq” başlıqlı məqalə dərc edib. Nəşr, həmçinin “Slaviya” azarkeşlərindən birinin emosional fikirlərinə yer verib. Həmin azarkeş komandanın çıxışını xatırladığı ən pis oyunlardan biri və Çempionlar Liqasında klub üçün biabırçılıq adlandırıb.

"Seznam Zpravy" isə “Slaviya”nın hazırkı səviyyəsinin Avropa futbol elitasının iştirakçısı statusuna uyğun olub-olmadığını sual altına alıb. Nəşr xatırladıb ki, Praqa klubu 2007-ci ildən bəri Çempionlar Liqasında qələbə qazana bilmir və uğursuz seriyası artıq 20 matça çatıb.

Xatırladaq ki, “Sabah” Kahim Parrisin və Coi-Lens Mikelsin qolları sayəsində Çempionlar Liqasının əsas mərhələsində tarixində ilk qələbəsini qazanıb. Bakı klubu turnirdə ilk üç xalını əldə edib, “Slaviya” isə ardıcıl ikinci məğlubiyyətlə üzləşib.

İdman.Biz