“Çox xoşbəxtəm. Bura gəlmək mənim üçün yeni bir çağırışdır”.
Bunu “Sabah” futbol komandasının yeni transferi Du Keyros UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Çexiya təmsilçisi “Slaviya”ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– İlk oyunla bağlı fikirlərinizi öyrənmək istərdik: Qarşılaşmanı necə qiymətləndirirsiniz?
– Çox yaxşı oyun idi. Fiziki mübarizənin yüksək olduğu qarşılaşma keçirdik. Bəzi həlledici ötürmələri dəqiq yerinə yetirə bildik və bu, oyunun taleyində mühüm rol oynadı. Çox mübarizəli oyun idi.
– Növbəti oyunlardan nə gözləyirsiniz? Komandanın Çempionlar Liqasının əsas mərhələsindəki şanslarını necə dəyərləndirirsiniz?
– Əlbəttə, bu, futboldur və hər şey baş verə bilər. Bütün oyunları qazanmaq istəyirik. Etdiyimiz səhvlərdən, o cümlədən “Mançester Yunayted”lə oyunda yol verdiyimiz səhvlərdən dərs çıxarmalıyıq. İnkişaf etməyə davam etməli, səhvlərimizdən öyrənməli və bu yarışda daha da irəliləyərək liqa mərhələsini keçməyə çalışmalıyıq.
– Ötən mövsüm “Qarabağ” həm Çempionlar Liqasında, həm də ölkə çempionatında mübarizə apardı və sonda Azərbaycan çempionluğunu “Sabah”a uduzdu. Sizcə, bu mövsüm eyni hal təkrarlana bilərmi? “Sabah” hər iki cəbhədə mübarizə apara biləcəkmi?
– Xeyr, belə olacağını düşünmürəm. İnanıram ki, yaxşı heyətimiz var. Məşqçimiz oyunçuları rotasiya edə bilər və hər iki yarışda eyni səviyyədə mübarizə apararaq irəliləyə bilərik.
– “Sabah”da özünüzü necə hiss edirsiniz?
– Çox xoşbəxtəm. Bura gəlmək mənim üçün yeni bir çağırışdır. Ailəm də şəhərdən və ölkədən razıdır. Klubun strukturundan və komanda yoldaşlarımın dəstəyindən çox məmnunam. Bura gəldiyim gündən hamı mənimlə yüksək səviyyədə davranıb. Burada gördüyüm münasibət məni çox təəccübləndirib və həyatımda baş verənlərdən çox xoşbəxtəm.
– Sizcə, “Sabah” Avropanın daha güclü klublarına keçidin üçün tramplin ola bilərmi?
– Bəli, əlbəttə. İnanıram ki, bu, mənim üçün yeni bir çağırışdır və Avropanın daha güclü klublarına keçidim üçün tramplin ola bilər. Bunun üçün çalışmağa və irəliləməyə davam edirəm.
