“Tarixi qələbə qazandıq. İlk ev oyunumuzda belə bir nəticə əldə etdiyimiz üçün çox xoşbəxtəm, qürurluyam və komandamla fəxr edirəm. Həm xalqımızı, həm komanda yoldaşlarımı, həm də baş məşqçimizi bu uğur münasibətilə təbrik edirəm. Çempionlar Liqasında doğma azarkeşlər önündə qələbə qazanmaq sözlə ifadə olunası hisslər deyil”.
Bunu “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın “Slaviya” klubu ilə Bakıdakı oyundan (2:0) sonra deyib.
Müdafiəçi rəqibin güclü olduğunu və təhlükəli epizodlar yaratdığını etiraf edib.
“'Slaviya' çox keyfiyyətli rəqib idi. Onların da 100 faizlik qol imkanları oldu, lakin şükürlər olsun ki, qələbə qazanan tərəf biz olduq. Hesab edirəm ki, komandamız bu turnirdə ən yaxşısına layiqdir. Gələcək oyunlarda da maksimum xal toplayıb azarkeşlərimizi sevindirməyə çalışacağıq”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.
Daşdəmirov növbəti oyunlar və gələcək rəqiblər barədə də fikirlərini bölüşüb:
“'Borussiya Dortmund'la qarşılaşmadan öncə bizi daxili çempionatda “Qəbələ” ilə çətin səfər matçı gözləyir. İndi bütün diqqətimizi həmin oyuna yönəltmişik. “Qəbələ” sınağını keçdikdən sonra “Dortmund”la oyuna hazırlaşacağıq. Doğma meydandakı bütün qarşılaşmalarda məqsədimiz xallar qazanmaq və qələbə çalmaq olacaq”.
