“Mançester Siti” futbolçularının hüquqşünasları klubla müqavilələrə xitam vermək imkanını araşdırırlar. İngiltərə klubunun maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra bəzi futbolçular gələcəkləri ilə bağlı narahatlıq keçirirlər.
İdman.Biz “Daily Mail”yə istinadən məlumatı verir ki, oyunçuların agentləri müqavilələrdə klubun ciddi cəzalandırılması, hətta Premyer Liqadan kənarlaşdırılması halında müqaviləyə xitam verilməsinə əsas verə biləcək “tutarlı səbəb”in olub-olmadığını araşdırmağa başlayıblar.
Bildirilir ki, futbolçuların maaşlarının əhəmiyyətli hissəsi Premyer Liqa, Çempionlar Liqası və ölkə kuboku turnirlərində keçirdikləri oyun dəqiqələrinə görə verilən bonuslardan formalaşır. Klub aşağı liqaya salınacağı təqdirdə oyunçular həmin bonuslardan məhrum ola bilərlər. Bununla yanaşı, futbolçuların müqavilələrində komandanın aşağı liqaya düşməsi halında öhdəliklərdən azad olunmağa imkan verən bənd yoxdur.
Qeyd olunur ki, digər futbolçular isə komandadan ayrılmaq barədə düşünmür və turnir cədvəlinin yekunda necə formalaşmasından asılı olmayaraq, çempionluq uğrunda mübarizə aparmaq niyyətindədirlər.
